• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vətən müharibəsi şəhidi polkovnik-leytenantın anım günüdür 



Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin anım günüdür.

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərib.

Vətən müharibəsinin son dəqiqələrində Komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində Ermənistan ordusunun zabitləri tərəfindən pusquya düşürülərək aldığı yaralardan şəhid olub.

O, Azərbaycanın hərb tarixində və həmçinin Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.

Şəhidimizin ilk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olub. 2005-ci ildə bu hospitalda xidmət etdikdən sonra 2005–2015-ci illərdə Mərkəzi Hərbi Poliklinikada terapiya şöbəsində müxtəlif vəzifələri, o cümlədən, şöbə rəisi vəzifəsini də yerinə yetirib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rasim Abdullayev hərbi tibb qulluqçu və Gəncə Hərbi Poliklinikasının rəisi idi.

O, döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilib və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunub.

R.Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ƏN ÇOX OXUNANLAR

  • 9
Unun qiyməti qalxdı
0.090959072113037