• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vitali Balasanyanın əfv edilməsi mümkün olmayan cinayətləri...



“O azərbaycanlı əsir cəsarətli əsgər idi. Çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə həmin qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq. Amma heç nə təsir etmirdi...” 

Bu, Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin çəkdiyi və 1992-ci ildə əsir düşmüş azərbaycanlı döyüşçü Natiq Qasımova həsr olunan sənədli filmdən bir parçadır. Həmin hadisənin iştirakçısı olan Aşot Movsesyan adlı erməni deyir ki, yalnız onların başçısı Vitali Balasanyan Xocalıdan hansısa azərbaycanlı müəllimi gətirəndən sonra, onun xahişi ilə Natiq Qasımov təslim olub...

Həmin erməni onu da deyir ki, Natiqi dindirdikdən sonra qətlə yetiriblər. Dindirməni aparan və Natiqin qətlinə əmr verən, bəlkə də bu əmrin icrasında özü də iştirak edən isə sonradan filmi çəkən qrupun təqdim etdiyi fotolarda guya özünü tanımayan, özünü tülkülüyə vuran Vitali Balasanyan olub. Bu fotolarda Balasanyanın dindirdiyi Natiq Qasımova necə baxdığı əks olunub. Həmin baxışlarda Balasanyanın gizlətməyə çalışdığı həsəd və heyranlıq var. Çünki Balasanyanın və onun ətrafındakı saqqallı çaqqalların heç birində bu Azərbaycan əsgərindəki cəsarət, igidlik, kişilik yox idi, olmayıb və ola da bilməzdi...

Vitali Balasanyan hazırda Qarbağda – Əsgərandadır. İndiyə kimi isə o, qondarma qurumun hərbi birləşmələrində müxtəlif “vəzifələr” tutub, özü kimi qondarma “general” rütbəsi alıb, separatçı qurumun “təhlükəsizlik şurası katibi” olub və sair. Ən əsası isə Azərbaycana qarşı ən ağır hərbi cinayətlərdə, qətliamlarda mərkəzi fiqurlardan, əsas təşkilatçılardan və icraçılardan biri olub. Onun hərbi cinayətkar olduğu demək olar ki, hətta isbata ehtiyacı olmayan aksiomadır!

Ermənistanda da Balasanyanın kim olduğunu yaxşı bilirlər. Bir neçə gün əvvəl tanınmış erməni bloqer Roman Baqdasaryan “vito” ləqəbli Balasanyanın elə ermənilərin özlərinə qarşı cinayətlərindən söz açıb. Baqdasaryan deyib ki, bütün bu illər ərzində Balasanyan narkotik qaçaqmalçılığı (İrandan-red.) və satışı ilə məşğul olub. Erməni gəncləri zəhərləyib. Yəni, “artsax qəhrəmanı” kimi təqdim olunan Balasanyan əslində, adi narkotik alverçisi – “barıqadır”. Erməni bloqer ümid edir ki, Azərbaycan ondan təkcə azərbaycanlıların yox, həyatını məhv etdiyi erməni gənclərin də qisasını alacaq və ona bu cinayətlərini davam etdirməsinə əlbəttə ki, imkan verməyəcək...

Bu günlərdə Ermənistan parlamentinin sabiq sədri Ara Babloyan İlham Əliyevə açıq məktubla müraciət edərək, öz erməni həyasızlığı ilə ondan “verdiyi sözə əməl etməsini” istəyib. Söhbət silahı yerə qoyub təslim olan ermənilərin əfv edilməsindən gedir. Azərbaycan dövləti həmişəki kimi, öz sözünün sahibidir. Bu gün Azərbaycandan Ermənistana keçən 10 minlərlə erməninin içərisində son günlərə qədər qanunsuz hərbi birləşmələrin və Ermənistan ordusunun Qarabağda döyüşmüş minlərlə sıravi nümayəndəsi və zabiti də olub. Onlar artıq sərhədi keçiblər və (təəssüf ki) onlara toxunan olmayıb. Hansı ki, eyni vəziyyətdə ermənilər bunu etməzdilər. 

Ancaq bu növbəti tarixi mərhəmət aktını qətiyyən Balasanyan kimilərə aid etmək olmaz. Onun 44 günlük müharibədən sonra vaxtilə Livandan və digər xarici ölkələrdən gətirilərək, laçına məskunlaşdırılmış ermənilərin oradan çıxarılması prosesində Azərbaycan tərəfilə əməkdaşlıq etdiyinə dair məlumatlar yayılmışdı. Ancaq bu cür “xidmətlər” onun törətdiyi qatı, şərəfsiz hərbi cinayətlərini unutmağa əsas verə bilməz...

Barəsində söz açdığımız filmin adı “Oğul”-dur. Doğrudan da OĞUL! Natiq Qasımov kimi oğullarımız çox olub və şükürlər olsun ki, indi də var. Ancaq Birinci Qarabağ Müharibəsində və ondan sonrakı dövrlərdə belə oğullarımızın qatili olan, əsir düşdükdən sonra onlara qarşı bu cür çirkin hərbi cinayətlər törətmiş Balasanyan kimilər və onun dəstəsindən olanlar qətiyyən əfv edilə bilməzlər. Qətiyyən! Ən azından nə Natiqin anası, nə də hər hansı bir azərbaycanlı bu çaqqalları əfv edənləri əfv etməz...

Müəllif  Cəlal Məmmədov

Mənbə AzPolitika.info

ƏN ÇOX OXUNANLAR

0.21147489547729