• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avtomobili olanlara da sosial yardım verilsin - Deputat



Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunlarına əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir.

"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub: "Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23% artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub".

Millət vəkilinin sözlərinə görə, ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır: "Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda o yardıma müraciət etmək hüququna malik olmur. Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir".

"Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir", - deyə V. Bayramov əlavə edib.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 5
"Neftçi" qalib gəldi
0.083942174911499