Azərbaycan Karate Federasiyasının (AKF) "KWU-WFKF Azərbaycan birliyi"nin ümumi yığıncağı keçirilib.
"Ölkə.az" xəbər verir ki, FHN-in İdman Sağlamlıq Klubunda baş tutan hesabat-seçki xarakterli tədbirdə "KWU-WFKF Azərbaycan birliyi"nin İdarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi ilə bağlı səsvermə baş tutub. Səsvermə ilə Ramin Əsədov Ənənəvi Karate Federasiyası, "KWU-WFKF Azərbaycan birliyi"nin prezidenti seçilib. Birliyin fəxri-prezidenti AKF-nin vitse-prezidenti Füzuli Musayev olub.
Sonra təşkilatın vitse-prezidentləri seçilib. Bu vəzifəni AKF-nin baş katibi Qabil Sayadov, “Təbib” idman klubunun rəhbəri Qələndər Aslanov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının təsisçisi Teyyub Əzizov və Beynəlxalq Kenbukay təşkilatının Azərbaycandakı nümayəndəsi Ruslan Abbasov icra edəcəklər.
Daha sonra nümayəndəliyin İdarə Heyətinin üzvləri və Nəzarət-Təftiş Komissiyası müəyyənləşib.
Həmçinin İdarə Heyətinin ilk iclası keçirilib. İclasın yekunlarına əsasən nümayəndəliyin baş katibi vəzifəsinə Həmdiyyə Məmmədov təyin edilib.