- 6
ENDİRİLİR
ENDİRİLİR
Hər il yay mövsümü ilə əlaqədar Bakıda bağ evlərinin qiymətində artım müşahidə olunur. Lakin artıq bu hal bölgələrdə də müşahidə olunur. Məsələn, hazırda Qəbələ, İsmayıllı, Şamaxının kəndlərində 650 min, yarım milyon manatlıq bağ evləri təklif edilir.
Bəs bu qiymətlər realdırmı? Əmlak bazarında qiymətlər həqiqətən bu qədər yüksəkdir, yoxsa ev sahibləri astronomik qiymətlər qoyurlar?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bölgələrdə evlərin qiymətlərinin bu qədər baha olmasının səbəblərini açıqlayıb:
“Ümumiyyətlə iyun ayından başlayaraq bağ evlərində qiymət artımı və müştəri çoxluğu müşahidə olunur. Ötən illərə qədər bu tələbat daha çox Bakıətrafı, dənizə yaxın ərazilərdə baş verirdisə, son 4 ildə - xüsusən də pandemiya dövründə xarici sərhədlərin qapalı olması səbəbilə insanların Azərbaycanın bölgələrinə səfər etməsi rayonlarda turizmin inkişafına gətirib çıxardı.
Bu səbəbdən də həmin dövrdən etirabən turistik bölgələrdə həm torpaq sahələrinə, həm də fərdi evlərə tələbat artıb. Bölgələrdə artıq bağ evlərinin gündəlik kirayəsi minimal olaraq 50 manatdan başlayır, bu qiymətlər 600-800 manat aralığında da dəyişə bilir. Bu, evlərin bir günlük kirayə qiymətidir. Bəzi bölgələrdə villa tipli evlərin aylıq kirayəsi 3000-4000 manat təşkil edir. Bu səbəbdən həmin evlərin satış qiyməti yüz minlərlə manat dəyərində ölçülür”.
Ekspert bildirib ki, vətəndaşlar Bakıda, dənizə yaxın ərazilərdən bağ evi almaqdansa, turistik bölgələrdən ev almağa üstünlük verirlər:
“Paytaxtın dənizə yaxın bağ massivlərində olan ərazilərində demək olar ki, torpaq qalmadığına görə, qiymətlərdə ciddi artım yaranır. Yeni qaydalara əsasən, hər hansı torpaqda tikinti aparmaq üçün mütləq o torpağın təyinatı yaşayış məntəqələrinə uyğun olmalıdır. Bundan sonra həmin torpaqda hər hansı tikinti işi aparmaq olar.
Vətəndaşlar daha çox çıxarışlı torpaqlara üstünlük verirlər. Həmçinin insanlar aldıqları bağ evindən gəlir götürmək istəyirlər və məhz bu səbəbdən bölgələrə üz tuturlar. Yay aylarında bölgələrdə evlərin qiyməti həddindən artıq baha olur. Bu da tələbatla əlaqədardır. Bu evlər təkcə yay aylarında deyil, həm də digər mövsümi aylarda da tələbatlı olur. Bu da həmin əmlakın sahibinə hər ay külli miqdarda gəlir gətirir.
Bundan əlavə, əmlak bazarında qiymətləri tənzimləyən tələbatdır. Təbii ki, real olmayan qiymətlərlə bazara çıxarılan əmlaklar satıla bilmir. Əgər kütləvi şəkildə bir bölgədə qiymətlər bahadırsa, bu əmlak bazarının tələbidir, deməli, bazarda qiymət bu cür formalaşıb və alıcılar da əmlakları bu qiymətə alırlar”.