• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni vaksinasiya tədbirləri nədən xəbər verir? - AÇIQLAMA



Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayev ötən gün vaksinasiya ilə bağlı əmr imzalayıb.

Sənəddə payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi öz əksini tapıb.

Respublikada oktyabrın 10-dən başlayaraq bir ay ərzində əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirilməsi, tibb personalının maskadan istifadəsinin təmini göstərişləri əmrdə əks olunub.

Mövzu ilə bağlı Baki.Media -a danışan tibb eksperti, professor Adil Qeybulla vaksinasiyanın qripə qarşı önəmindən danışıb. Onun sözlərinə görə, koronavirusda olduğu kimi qrip əleyhinə vaksinlər də kollektiv immunitet yarada bilər:

“Ümumiyyətlə, bütün dünyada qripin vaksinləri var və həmin vaksinlər cari il, yəni viruslar üçün nəzərdə tutulub. Vaksinasiya qripə qarşı immunitet yaradır.  Koronavirus pandemiyası zamanı biz gördük ki, vaksinasiya həm yayılma zəncirinin qırılması, həm də kollektiv immunitetin yaranması üçün çox ciddi rol oynadı. Vaksinasiya, o cümlədən respirator virus infeksiyalarının qarşısını almaq üsullarından istifadə vacibdir.  Hesab edirəm ki, bu baxımdan səhiyyə nazirinin əmri əslində yaranmış durumda pandemiya təcrübəsindən çıxış etməklə çox vacib bir addımdır. Həm vaksinasiyanın təşkili, həm də lazımi səiyyədə həyata keçirilməsi, dövlət səviyyəsində görülən tədbirlərdən asılıdır. Bu baxımdan həmin əmri təqdirəlayiq sayıram. Çünki peyvəndləmə elmin bəşəriyyətə verdiyi ən böyük töhfədir və bunun nəticəsində bu gün milyonlarla insanın həyatına son qoyan infeksion xəstəliklərin bir çoxunun kökü kəsilib. Bu baxımdan da bu qərar ÜST-ün təlimatına uyğundur və həyata keçirilməsi də yüksək səviyyədə olmalıdır”, - deyə o söyləyib.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.10067200660706