• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Selektiv abortlar, “günahkar qadın” - Zərif cinsin hüquqları niyə pozulur?



Qadınların özünəgüvəni uşaq yaşlarından formalaşmalıdır: Qız-oğlan övladı seçilmədən, qızların üstünlükləri əlindən alınmadan, xanımlığı, dəyəri kiçildilmədən. Kişilərlə qadınlar arasında əksər hallarda ayrı-seçkilik qoyulur: istər hələ cinsiyyəti bəlli olmadan ana bətnində, istərsə də cəmiyyətdə müxtəlif statuslarda qərarlaşdıqlarında.

Cəmiyyət olaraq ev öhdəliklərinin, əsas yükün qadınların üzərinə düşməsi onların əksəriyyəti üçün zaman və enerjinin böyük bir qisminin tükənməsi deməkdir. Kişilərdə isə bu yük bəlli bir yaşdan sonra formalaşır. Cəmiyyət olaraq oğlanlara “kişidir, gücü buna çatır, bunu edir” deyib bəraət qazandıra bilirik. Amma qadınların yükü hətta “pul gətirən” işlərlə məşğul olduğu hallarda belə dəyişməz olaraq qalır.

Bütün bunlar cəmiyyətdə gender əsaslı çətinliklərin formalaşmasına gətirib çıxarır.

Bununla belə, yetkinlik yaşlarında psixoloji təzyiqə məruz qalan, yanlış anlaşılma nəticəsində, ailə münaqişəsi zəminində qətlə yetirilən yenə də qızlar olur. Bunun səbəbi nədir?

Ucu-bucağı bilinməyən dünyada qızlar üçün rahat yaşayacağı mühit yaratmaq, özünü inkişafına şərait yaradaraq dəstək olmaq nə üçün çətindir?

Görün nə vəziyyətdir ki, Azərbaycan doğulanların cins nisbətinin pozulduğu ölkələr arasında birincidir. Bu ayrı-seçkilikdə əsas səbəblərdən biri isə selektiv abortlardır. Belə davam edərsə, bu, gələcəkdə ciddi demoqrafik problemə səbəb olacaq.

Selektiv abortlar…

Statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü.

2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə hər doğulan 100 qıza 102-106 oğlan düşür.

Selektiv abortlar bu məsələnin sadəcə bir hissəsidir. Qadınların gender əsaslı çətinliklərə məruz qalması yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir.

Bütün dünyada iş yerlərində belə cinsi qısnama əsasən qadınları hədəfləyir. Avropa İttifaqında (Aİ) qadınların 40-50 faizi iş yerində arzuolunmaz hərəkətlərlə, fiziki təmas və ya cinsi qısnamanın digər formaları ilə üzləşir. Aparılan araşdırma göstərir ki, qısnama qorxusu özəl sektorda çalışan qadın respondentlər arasında mövcuddur. Həmçinin, bu problem ailələr tərəfindən qadınların özəl şirkətlərdə çalışmasına etirazın səbəbi kimi tez-tez qeyd edilirdi.

“Günahkar qadın” obrazı yaratmaq…

İctimaiyyət düşüncəsi “qurbanı günahlandırmağa” çevrildikdə qadınlar bəzi  hallarda gender əsaslı ayrı-seçkiliklə üzləşirlər və yaşadıqları xoşagəlməz halları gizlətməyə üstünlük verirlər.

Hətta bəzən cəmiyyətdə zorakılığa, şiddətə və xəyanətə məruz qalan qadınların özlərini belə günahkar çıxarmağa çalışan ifadələr səsləndirilir. Bir çox hallarda şiddət görən qadınlar bənzər problemləri, yəni yoldaşlarının içib, çəkib, onları döydüyünü, xəyanət etdiklərini dilə gətirirlər. Problemin həlli üçün çıxış yolu axtaran bəzi “psixoloqlar” və “sosioloqlar” isə “niyə bəs o kişini seçmişdiniz?” sualını verərək səhvin qadında olduğuna onları bir növ inandırmağa çalışırlar. Təbii ki, heç kim şiddət göstərən kişini həyatında istəməz. Cavab da şikayət kimi bir qədər standart olur. Bəzi qadınlar “yoldaşım əvvəl normal insan idi” deyirlər.

Cəmiyyətdə bir qrup insan qadına “günahkar sənsən” deməyin daha üslublu formasını tapır. Məsələn, “öz özünə sual ver, sən normal insanın başına nə oyunlar açdın ki, yazıq içməyə, döyməyə və xəyanət etməyə başladı?”

Həyatdakı uğursuzluqların səbəbinin özünün ola biləcəyinə dair fikirlər yavaş-yavaş qadının şüuraltısına yeridilir.

“Bəlkə səbəb sənsən, amma bunu etiraf etməkdən qorxursan?” - Bu psixoloji təzyiq sevgisizliyə, özünəinamsızlığa, intihara gətirib çıxarır.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında bildirib ki, bütün bunlara səbəb Azərbaycanda ailə institutunun düzgün formalaşmamasıdır.

Belə ki, metodoloji cəhətdən bu məsələ kökündən yanlış gedir:

“Biz qadınların, qızların hüquqlarının pozulması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Amma görürük ki, nə insanlardan, nə də aidiyyəti qurumlardan lazımı reaksiya gəlmir. Gərək məsələni ailə modeli üzərindən qabardıb, çıxış yolu tapasan. Qadını, kişini yox, ailəni qorumaq lazımdır. Bu zaman ahəng qorunur və hər iki tərəf özünü normal aparır. Uzun illər qadınları müdafiə məqsədilə kişiləri vəhşi, kobud, zorakı kimi, qadınları isə zəif, məzlum, zorakılığa məruz qalan biri kimi qələmə verdik. Biz əslində bununla da müəyyən mənada səhv etmişik.

Bilirsiniz necədir? Ailədə münaqişə yaranıbsa, qadının qohumu qadını, kişinin qohumu kişini müdafiə etdi. Nə ailələr, nə də aidiyyəti qurumlar düzgün tərəf tuta bilmədi. Bu, hədsiz dərəcədə yanlış oldu. Beləliklə bu məsələlər də müəyyən mənada özbaşına qaldı”.

Azərbaycanda ailələrin 80%-i gərginlik içindədir…

Sosioloqun sözlərinə görə, bu gərginlik gələcəkdə daha çətin və çıxılmaz problemlər yarada bilər:

“Bu məsələdə laqeydlik göstərmək, kənardan müşahidə etmək olmaz. 2014-cü ildən bu günə qədər boşanmaların sayı artaraq gedir. Bu, çox təhlükəlidir. Cəmiyyət mürəkkəbləşir, insanların sinir sistemləri gərginləşir. Boşanmalar artır, amma bu, təkcə onlarla bitmir.

Boşanmayan ailələr onlardan 2 dəfə çoxdur. Ailələrin 80 faizində xoşbəxtlik yox, gərginlik hökm sürür. Bu ailələrdə isə görün necə gənclik böyüyür. Yeni nəsil bu qədər mürəkkəb, gərgin mühitdə nə qədər sağlam fərd kimi yetişə bilər?

Düşünün ki, bu gərginlik ailədə uşaqların səhhətinə, insanlara qarşı münasibətinə, həyata baxışına, problemlərlə mübarizə formasına, təhsilinə, şəxsiyyət kimi formalaşmasına və s. mənfi təsir edir. Cəmiyyətin tələblərinə uyğun ailə institutu ilə bağlı ciddi fəaliyyət proqramları hazırlanmalıdır. Biz bu qədər zorakılığı görürük, amma məsələyə yenə də günlük, saatlıq reaksiyalar göstəririk. Həmin o zorakılığa gətirib çıxaran səbəblə mübarizə aparılmalıdır ki, o neqativ hallar, cinayətlər, zorakılıqlar baş verməsin.

Ölkənin ən böyük sərvəti onun əhalisinin keyfiyyətidir. Ən güclü silahımız əhalinin sağlam təfəkkürlü fərdlər kimi yetişməsidir. Bu məsələyə ya aidiyyəti qurumlar vaxtında diqqət etməlidir, ya da bu dəhşət böyüyərək cəmiyyəti məhvə doğru aparacaq”.

Artıq gender əsaslı çətinliklə qarşılan və hüquqları tapdanan qadınları müdafiə edən, onlar üçün mübarizə aparanların sayı günbəgün artır. Bizi dünyaya gətirən bir qadındır, bunu unutmaq olmaz. Çox təəssüf ki, elə hər gün bir qadın digər qadının dünyaya gətirdiyi şəxs (kişi) tərəfindən zorakılığa məruz qalır və ya qətlə yetirilir.

Psixoterapevt Elmir Əkbər mövzuya münasibət bildirərkən deyib ki, problemlər valideynlərin övladlarından öncə özlərini düşünməsindən yaranır və yaşa, mühitə, situasiyaya görə şaxələnir:

“Valideynləri zorakılıq, şiddət görən övladlarının ailə durumundakı çətinliyi görmək istəmirlər. Bəzən bu, əlavə məsuliyyəti öz üzərinə götürməkdən irəli gəlir. Azərbaycan mentalitetinə sırınmış, manipulyasiya edilən bir məsələ var. Valideyn öz övladını mənfəətinə uyğun düşünür və buna görə də evlənəndə də dinc qulağını fikirləşir. Qadının boşanması ailəsi üçün yükdür.

Digər problem isə qadınların öz günahıdır. İqtisadi cəhətdən qadınların əksəriyyəti əziyyət çəkmək, iqtisadi cəhətdən özünü, övladını təmin etməkdən qorxur. Bu səbəbdən də istər öz ailəsində, istərsə də ata evində onu maddi cəhətdən təmin edən şəxs və ya şəxslərin diktəsinə, yeri gələndə zorakılığına, təzyiqinə də boyun əyməli olur. Əgər qadın öz ayaqları üzərində dayana bilmirsə, daim o kimdənsə maddi cəhətdən asılı qalacaq. Bu zaman da təzyiqlər, zorakılıqlar qaçılmaz olacaq”.

Bakalavr təhsili qızlar üçün imtahansız olsun…

Elmir Əkbər düşünür ki, qızların hüquqlarını bilməsi üçün onların bakalavr səviyyəsində ali təhsil müəssisəsinə qəbulu imtahansız keçirilməlidir:

“Ailələr şərait yaratmırlar ki, qızlar oxusun, hazırlaşsın. 21 əsrdə yaşasaq da, bu məsələ hələ də aktualdır. Tibb Universiteti və hüquq fakültələri istisna olmaqla, digər ixtisaslar üzrə bu şəraiti yaratmaq mümkündür. Qızlar hamısı bakalavr təhsili almalıdırlar. Onlar oxumağa davam etməsələr də, dünyagörüşləri olacaq.

Mən Avstriyada təhsil almışam. Orada ali təhsil müəssisəsinə daxil olmaq çox asandır, çətin olan orada oxumaq, qiymət almaq, məzun olmaqdır. Bizim təhsil oradakı təhsildən üstün ola bilər? Səmimi deyək ki, xeyr. Dünyanın ən inkişaf etmiş ölkələrində - Yaponiyada, İsveçrədə təhsil bu formadadır.

Baxın bu məsələləri ayrı-ayrı müzakirə edəndə görürük ki, zorakılığa məruz qalan qadın hara müraciət etsin, kimə sığınsın? Ailə geri qəbul etmir, ər şiddət göstərir, sığınacaqlar məhdud sayda, öz ayaqları üzərində də dayana bilmirlər. Nəticə? Bu çıxılmazlıq gətirir ölümə çıxarır. Bir insanın digərini öldürməsi üçün heç bir səbəb ola bilməz. Həmin insan sadəcə psixopatdır. Bu da şizofreniyadan fərqlidir. Şizofreniya psixozda olan insan anlaqlı deyilsə, nə etdiyini dərk etmirsə, manyak, xəstə etdiyi hərəkətlərə görə cavabdehdir. Amma qadın öldürüldükdən sonra artıq heç bir mənası yoxdur ki, cinayətkarın şizofren, ya psixopat olduğu dəqiqləşsin. Ölünü geri qaytarmaq olmur”.

Qızlar bərabər hüquq əldə etməlidir…

Elmir Əkbər onu da əlavə edib ki, maarifləndirmə ilə əlaqədar heç bir qurum, təşkilat qız övladları olan ailələrə və ya zorakılıq görən qadınların evlərinə bir-bir baş çəkə bilməz. Ona görə də bu məsələdə beynəlxalq təşkilatlar, media mütəmadi materiallar hazırlamalıdır.

Affekt vəziyyətində törədilən cinayətin qurbanları…

Tez-tez cinayət motivlərində eşitdiyimiz “affekt vəziyyətində olub” ifadəsidir. Niyə affekt vəziyyətində törədilən cinayətlərin qurbanları çox hallarda məhz qadınlar olur? Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri affekt, digər adı ilə güclü ruhi həyəcan vəziyyətində cinayət törədilməsidir. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır. Nə etdiyini anlamayan insan affekt vəziyyətdə elə özünü bıçaqlasın, özünü pəncərədən atsın, özünəqəsd etsin də. Nə üçün qadına, uşağa qəsd edir? Demək ki, bu, heç də affekt vəziyyətin nəticəsi deyil…

Psixoterapevt məsələyə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyətdə olan insanlar özünə yox, başqasına xətər yetirir:

“Affekt vəziyyətindəki insan özgəsinə zərər yetirir, yaralayır, hətta qətlə yetirə bilir. Onlar o halda özlərinə ziyan vurmur. Bu, məsələnin bir tərəfidir. Amma daha ağır problem odur ki, bizim cəmiyyətdə insanlar affekt vəziyyətinin nə olduğunu bilmirlər. İnsan sadəcə əsəbiləşir, şüurlu şəkildə cinayət törədir, sonra da affekt vəziyyətində olduğunu deyir. Əsəbiləşmək affekt vəziyyəti deyil. Emosional nəzarəti itirmək onsuz da problemdir. Amma affekt hər adamda olmur. Affekt vəziyyətində olan insan ancaq düşmənini, sevmədiyi insanı yox, ən əziz adamını da öldürə bilər. Bir müddət sonra özünə gələndə heç nədən xəbərsiz cinayət törətdiyini görə bilər. Yəni, affekt vəziyyətində cinayət motivi ola bilməz.

Affekt vəziyyəti müəyyən patologiyası olan insanlarda rast gəlinir. Təəssüf ki, bəzən ekspertizalarda rüşvət alınaraq emosional problemləri bu adla qeyd edirlər. Xeyr, əzizim, affekt vəziyyətində olan insan heç nəyi anlamaz. Bu, çox spesifik bir haldır. Canilərə haqq vermək üçün affekt vəziyyətindən istifadə edirlər. Bu, mənə görə heç doğru bir şey deyil”.

Analar, qayınanalar qadınların ilk düşmənləridir…

Gender əsaslı çətinlikləri, qadınların məruz qaldığı zorakılıqları aradan qaldırmaq üçün böyük çevrilişə ehtiyac olmadığını deyən psixoterapevt xırda-xırda dəyişikliklərin edilməsinin vacibliyinə toxunub:

“Qadınların bu vəziyyətdə istismara məruz qalmasının səbəbi də məhz özləri olurlar. Mütəmadi, stabil şəkildə anaları, qayınanaları, eləcə də hər kəsi maarifləndirmək lazımdır. İnsan səhv edə bilər. Bir fikri başa düşün ki, qəhrəmanları hamı alqışlayır. İnsanın əzizi səhv etdiyi anda yanında olmalıdır. Bütün intiharların, cinayətlərin məsuliyyəti ölən insanların yaxınlarının günahıdır. Vaxtında insana arxa çıxsalar, heç kim ölməz. Ölüm bir anda gəlmir. Nə qədər qadının hüquqları öz yaxınları tərəfindən tapdalanır. Qadın var ki mənəvi olaraq hər gün qətlə yetirilir. Şüuraltına yeridilən belə bir misal var ki, yuxuda qız uşağı görsən, şərə, oğlan uşağı görsən, xeyirə yozulur. Görün bu nə deməkdir? Mən çox təəssüf hissi keçirirəm. Bu mövzu mənim çox həssas nöqtəmdir. Cəmiyyətdə bu mövzu ilə bağlı mübarizə aparan hər kəsə hər zaman əlimdən gələn dəstəyi verməyə hazıram”.

Sizi dünyaya gətirən qadınlara qarşı mərhəmətsiz olmayın. Bir insan səhv edə bilər, amma bunun cəzası ölüm ola bilməz. Bir insanı sevməyə bilərsiniz, amma onu ölümə sürükləməməlisiniz. Bir insanın fikrini bəyənməyə bilərsiniz, amma ona hörmətlə yanaşmağı bilməlisiniz. Ən azından bu mövzuda bərabərhüquqlu olmağa çalışın, ardı mütləq gələcək...

Könül Cəfərli

ƏN ÇOX OXUNANLAR

0.079515933990479