- 4
ENDİRİLİR
ENDİRİLİR
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabelyində “Sumqayıt Bulvar” MMC 62 500 manatlıq ağac və kol alacaq.
Valyuta.az xəbər verir ki, MMC bununla bağlı tender keçirib. Tenderin qalibi isə “Eko Ferma Azərbaycan” MMC olub.
Müsabiqənin şərtlərindən məlum olur ki, “Sumqayıt Bulvar” MMC zeytun, aleandra və leylandra ağacları almağı planlaşdıır.
“Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur.
Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib. “Eko Ferma Azərbaycan” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Sumqayıt Bulvar” MMC bu ilin may ayında “Eko Ferma Azərbaycan” MMC ilə 65 500 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqavilədə də zeytun, aleandra və leylandra ağaclarının satın alınması nəzərə tutulur.
Bundan başqa, sahibkar Murad Həsənov da ötən il 112 min manata 1 000 ədəd çinar, 2 000 ədəd leylandi, 600 ədəd iydə, 1 200 ədəd alyandra, 1 500 ədəd zeytun ağacı Z.Fərəcovun bulvarına satıb.
Ümumiyyətlə “Sumqayıt Bulvar” MMC 2019-2021-ci illərdə toplam maliyyə dəyəri 6 milyon manata yaxın olan satınalma müqaviləsi imzalayıb. Sumqayıt bulvarının ümumi sahəsi 100 hektardan çoxdur.
Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. Rəsmi məlumatlarda bildirilir ki, bulvarda bundan əvvəl 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.
Razılaşın ki, bulvar ərazisi nə qədər böyük olsa, genişlənsə də 2 milyon gül kifayət qədər böyük rəqəmdir və şübhəlidir.
Hətta qəbul etsək ki, bu qədər kol-kos, gül alınıb, yenidən hər il yüzminlərlə manatlıq kol-kosun alınması başadüşülən deyil. Belə çıxır ki, əvvəlki ağaclar və güllər məhv olub.
Sumqayıt Bulvarı isə sanki “qara dəlikdi” və büdcəni kol-kos adı ilə sovurmaq üçün istifadə olunur. Gözəyarı da baxıb görmək olar ki, bulvarda milyonarla gül yoxdur, korrupsiya qoxulu xortumlamadır.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Dənizkənarı Bulvarında tikinti işləri aparan və gördükləri işlərin müqabilində pullarını ala bilməyən, bu üzdən müflis olan bir qrup sahibkar mətbuata şikayət edirdi. Sahibkarlar bildirirdilər ki, Sumqayıt İcra Hakimiyyətinin onlara 1.740. 000 manat borcu var və onlar bu pulları bir ilə yaxındır ki, ala bilmirlər.