• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Medianın İnkişafı Agentliyində nə baş verir? - Əhməd İsmayılov 50 işçiyə 2500-3000 manat maaş yazıb



KİV-də Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində ixtisarlar barədə məlumat verilib. Bu məlumatlarda bildirilir ki, agentliyin əməkdaşlarına əsaslandırılmamış şəkildə yüksək maaş təyin edilib. 50-yə yaxın əməkdaş 2500-3000 manat əməkhaqqı alıb.

Bu, agentliyin büdcəsinin tükənməsinə gətirib çıxarıb və maliyyələşmə üçün Maliyyə Nazirliyinə müraciət edib. Amma Maliyyə Nazirliyi siyasi rəhbərliklə məsləhətləşmələrdən sonra maliyyələşmədən imtina edib və agentlikdə ixtisarlar başlayıb.

Turan agentliyi KİV-dəki bu məlumatlara aydınlıq gətirilməsi üçün Medianın İnkişafı Agentliyinə müraciət edib, lakin iki gün ərzində cavab ala bilməyib.

Medianın İnkişafı Agentliyi bu il yanvarın 12-də prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi” haqqında prezidentin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında "Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Agentliyin sələfi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ildə ləğv edilib və onun rəhbərliyi isə maliyyə oğurluğuna görə hazırda həbsxanadadır.

Cinayət işinin materiallarına əsasən, Fondun rəhbəri Vüqar Səfərli və digər təqsirləndirilən şəxslər layihə-smeta sənədlərində jurnalistlər üçün binaların tikintisinə ayrılan vəsaiti şişirdiblər və artıq işlərin və materialların dəyərini göstəriblər.

Medianın İnkişafı Agentliyindən fərqli olaraq, KİV-ə Dəstək Fondunun nizamnaməsində müəssisənin sahibkarlıq fəaliyyətilə məşğul olmaq səlahiyyəti əksini tapmayıb.

Bir sıra ekspertlər xəbərdarlıq ediblər ki, Medianın İnkişafı Agentliyinə kommersiya fəaliyyəti üçün səlahiyyətlərin verilməsi bəzi neqativ halların yaranmasına səbəb ola bilər.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Medianın İnkişafı Agentliyi yaradıldığı zaman ona üç funksiya həvalə edilib: tənzimləmə, dövlət nəzarəti və kommersiya fəaliyyətini aparmaq hüququ. "Biz bir-birinə zidd üç funksiyanın bir əldə cəmləşdirilməsinin əleyhinə olduq. Səlahiyyətlərin bu cür konsentrasiyası sui-istifadə üçün, əsasən də kommersiya sahəsində risklər yaradırdı. Təəssüf ki, bunun baş verdiyini qeyd edə bilərik".

Onun fikrincə, agentliyin səlahiyyətlərinə yenidən baxmaq və ona dövlət, cəmiyyət və mətbuat tərəfindən nəzarət tətbiq etmək lazımdır.

Hüquqşünas Ələsgər Məmmədli deyib ki, əgər dövlət qulluqçusunun və publik hüquqi şəxs kimi agentliyin standartlarını müqayisə etsək, agentliyin standartları bir neçə amillə şərtlənir: "Standartlardan danışarkən maaş fondunu, onun məbləğini və digərlərini nəzərdə tuturuq. Son zamanlar Medianın İnkişafı Agentliyinin publik hüquqi şəxsin formatına keçməsinin səbəbi dövlət qulluğu standartlarını aşmasıdır".

Onun sözlərinə görə, dövlət qulluğunda aşağı və yuxarı hədlərin təsnifatı çox dəqiqdir: "Əvvəllər “paket” sistemi vardı. Aşağı əməkhaqqının olduğu yerdə adamları "paket" sistemi olmadan qulluğa cəlb etmək mümkün deyil. Bax, belə bir vəziyyətdə publik hüquqi şəxs yaradılır və onun çərçivəsində kommersiya fəaliyyətinin imitasiyası yaradılır, o cümlədən yüksək əməkhaqqı verilir. Bu, bütün publik hüquqi şəxslərə aiddir".

ƏN ÇOX OXUNANLAR

0.055722951889038