• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elçin Əmirbəyov: “Biz Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini gözləyirik”



“Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Azərbaycanın suveren ərazisini nə qədər tez tam tərk edərlərsə, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların tezliklə başa çatması şansı da bir o qədər çox olar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinə səfəri zamanı “Feniks TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, may ayında tərəflər arasında müntəzəm görüşlərin bərpasından sonra sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrdə irəliləyiş əldə oluna biləcəyinə əlamətlər müşahidə olunub. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün tanınması Azərbaycan üçün mühüm məqam olub.

“Biz Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini səbirsizliklə gözləyirik. İlk növbədə, onlar öz silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılmasını başa çatdırmalıdırlar. Çünki hətta bu gün - atəşkəs haqqında sazişin imzalanmasından iki il yarım keçdiyi dövrdə də Ermənistan silahlı qüvvələrinin bölmələrinin on min nəfərlik şəxsi heyəti hələ də qeyri-qanuni olaraq Azərbaycanın Qarabağ bölgəsindədir”, - E.Əmirbəyov bildirib.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan ərazilərinin 30 il işğal altında qalmasına baxmayaraq, Ermənistanla düşmənçilik səhifəsini çevirməyə hazırdır:

“2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatıb. Azərbaycan uzun müddət işğal altında qalmış torpaqlarını azad edib. Biz Ermənistana sülh gündəliyi təklif etmişik. Hesab edirəm ki, indi - ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdikdən sonra düşmənçilik səhifəsini çevirmək və Ermənistanla mehriban qonşuluq əlaqələri, sülh münasibətləri qurmağa çalışmaq şansımız var. Çünki biz bu bölgənin daha yaxşı gələcəyə layiq olduğunu düşünürük”.

Eyni zamanda o, tərəflər arasında etimadın əldə olunmasının vacibliyini vurğulayıb.

“Bu prosesi sürətləndirmək üçün atacağımız ən böyük addım üzərimizə götürdüyümüz öhdəliklərimizi tam və lazımi səylə yerinə yetirməkdir. Çünki bu gün bir şeyi söyləyib, sonra ona əməl etmirsinizsə, əlbəttə ki, bu, inamı daha da sarsıdır. Düşünürəm ki, Ermənistan və Azərbaycan liderləri bir-birləri ilə dəfələrlə görüşərək, bu etimadı qorumaq, inkişaf etdirmək lazım olduğunu qəbul ediblər. Ancaq atılan addımlar deyilən sözlərdən daha kəsərlidir, ona görə də Ermənistandan olan həmkarlarımızın vədlərinə sadiq qalacağını gözləyirik”, - E.Əmirbəyov söyləyib.

 

ƏN ÇOX OXUNANLAR

0.091272830963135