Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə bildirilib ki, şahid, Sabunçu rayonu ərazisində inşa edilən obyektin sahibi Telman Vəliyev xəstəxanaya yerləşdirildiyi üçün məhkəməyə gələ bilmir.
Daha sonra prosesdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev şahid qismində ifadə verib. İcra başçısı bildirib ki, Əvəz Zeynallını tanıyır: "Qəsəbə icra nümayəndəsi mənə məlumat verdi ki, ərazidə obyekt tikilir. Tapşırıq verdim, tikinti dayandırıldı. Bir müddət sonra yenə məlumat aldım ki, tikinti davam edir. Dedim ki, tikintini sökün. Tikinti söküləndə sonra Əvəz Zeynallı mənə zəng vurub xahiş etdi ki, o obyektin tikintisinə kömək edin. Dedi ki, imkansız adamdı.Həmçinin dedi ki, həmin ərazi neft ərazisidir, icra hakimiyyətinin həmin əraziyə nəzarət etmək ixtiyarı yoxdur. Mən də tapşırıq verdim ki, obyekt tikilsin. İcra nümayəndəsinə tapşırıq verdim ki, tikintiyə müdaxilə etməyin".
İcra başçısı bildirib ki, Əvəz Zeynallı mənim haqqında xoşagəlməz məlumatlar yayırdı. Mən də Əvəz Zeynallı ilə danışdım, xahiş elədim ki haqqımda elə məlumatlar yayılmasın. Həmin vaxt telefon nömrəmi də Əvəz Zeynallıya verdim.
Əvəz Zeynallı birinci dəfə mənə zəng vurub xahiş eləmişdi, mən tapşırmamışdım. Tikinti dayandırılandan sonra təkrar zəng vurdu xahiş elədi, mən də tapşırdım.
Vəkillərin suallarını cavablandıran A. Vəliyev bildirib ki, Əvəz Zeynallını özü dəvət edib: "Mənim barəmdə dəfələrlə Xural TV-də təhqirlər, böhtanlar deyilirdi. Böhtan atırdı mənə, qarğışlar edirdi. Xural tv də deyirdi ki, Adil Vəliyev nədir? Kimdir yox, nədir? Sonra deyirdi ki, bandit, quldur Adil Vəliyev, sonra deyirdi ki dövlət büdcəsini soyub talayır, Adil Vəliyevin biznes imperiyası var.
Əvəz Zeynallının telefonunu tapıb ona zəng vurdum. Dedim ki, siz mənə qarğış edirsiniz, kişi kişiyə qarğış eləməz. Dedim ki gəl söhbət edək. Əvəz Zeynallı da təklifi qəbul elədi, gəldi. Bundan sonra Əvəz Zeynallı ilə münasibətimiz yarandı".
Adil Vəliyev bildirib ki, tikinti işləri aparılan ərazi barədə qərar qəbul etmək Dövlət Neft Şirkətinin və Dövlət Tikinti Arxitektura Komitəsinin səlahiyyətindədir: "Ona görə də mən həmin tikintiyə sərəncam vermədim. Biz orda istənilən qanunsuz tikintiyə maneçilik edirik. Amma səlahiyyətimiz yoxdur. Qanunvericiliyə əsasən bizim tikintiyə müdaxilə etmək ixtiyarımız yoxdu, maneçilik edib məhkəməyə müraciət etməliyik, məhkəmənin qərarı ilə tikinti dayandırılır. Səlahiyyətim olmadığı halda tapşırıq verdim. Sökməli deyildik, tikintini dayandırmalı idik, belə məsləhət oldu, biz də sökdük. Fərqi yoxdu səlahiyyətimiz var, yoxdu. Elə danışırsınız, elə bil Azərbaycanda yaşamırsınız".
Proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.