• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vətən müharibəsi qazisi Ayəddin Abdullayev: “Ayağım qanqren olub, əlillik verilmir”



“Ayağım qanqren olub. İki ildir, müraciət etmədiyim yer qalmayıb. Amma əlillik vermirlər”.

Bu sözləri “Qafqazinfo”ya 44 günlük Vətən müharibəsi qazisi Ayəddin Abdullayev deyib.

Gədəbəy rayon sakini olan 32 yaşlı qazi hazırda Sabunçu rayonunda yaşayır. O deyir ki, ayağındakı problemə görə işləyə də bilmir: “Müharibə zamanı döyüşlərdə aldığım qəlpə yaralarından ayağımın dizdən aşağı hissəsi qanqren oldu. Buna da səbəb həmin qəlpələrin qadağan olunmuş mərmidən olmasıdır. Həmin hissə gərək dezinfeksiya olunaraq təmizlənərdi. Lakin elə adi qəlpə yarası kimi müalicə olunduğu üçün ayağım bu hala qaldı. Əgər mənim ayağımı müalicə edə biləcək həkim varsa etsin, heç əlillik də istəmirəm. Müalicə üçün başqa bir ölkəyə göndərəcəklərsə, o zaman əlillik də versinlər. Ona görə ki, mənim iki azyaşlı- 4 və 5 yaşlarında olan övladlarım var. Cəmi 80 manat təqaüd alıram. Bununla necə ailə dolandırım? Əlilliyimi təsdiq edən sənəd yoxdur. Halbuki artıq ayağımda çürümə təhlükəsi var, yerə basanda dəhşətli ağrılar olur. Hələ bu vəziyyətdə mənə deyirlər k, “get işlə”. Acınacaqlı vəziyyətdəyəm, kirayədə yaşayıram. Qonşuların köməkliyi olmasa, bilmirəm vəziyyət necə olar”.

Qazinin ayağının müalicəsi ilə bağlı Sabunçu Tibb Mərkəzinə sorğu ünvanladıq. Tibb mərkəzindən bildirildi ki, Ayəddin Abdullayev Ramiz oğlu noyabr ayında 4 dəfə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinə müraciət edib: “Vətəndaş müraciətlərinin ikisində Mərkəzə Təcili tibbi yardım vasitəsilə çatdırılıb. Ayəddin Abdullayevə travmatoloji, psixiatrik və cərrahi baxış keçirilib. Ayağındakı yaralara dəri absesi diaqnozu qoyulub. Həmçinin damarları ilə bağlı problemlər aşkarlanıb. Dəri cərrahının baxışı üçün digər xəstəxanaya yönləndirilib. TƏBİB tərəfindən müayinə və müalicəsi üçün isə Bakı Sağlamlıq Mərkəzinə göndərişi verilib”.

A.Abdullayevin əlillik sənədi alması ilə əlaqədar isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə belə cavab verdi: “Gədəbəy rayon sakini 1991-ci il təvəllüdlü Abdullayev Ayəddin Ramiz oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma 88)  əsasında 2023-cü ilin 19 may və 21 iyul tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Qeyd edək ki, Ayəddin Abdullayev Suqovuşan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşdə göstərdiyi şücaətə görə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 





ƏN ÇOX OXUNANLAR

0.076214790344238