• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Artıq əczaçılar firma dərmanlarını insanlara sırıya bilməyəcəklər 



Yanvar ayının 1-dən elektron resept ölkə ərazisində tətbiq olunmağa başlayıb. Bir neçə gün öncə isə Səhiyyə Nazirliyi tərəfindən elektron resept sisteminin təqdimatı keçirilib. Bu, həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan sistemdir. Əhali arasında isə bu sistemlə bağlı çox sayda suallar verilməkdədir. Bəziləri bildirir ki, bu sistemdən istifadə etməkdə çətinlik çəkirlər. Suallardan biri də odur ki, birdən reseptdə olan dərman olmasa, onu əvəz etmək mümkün olacaqmı?

Həkim-pediatr Vaqif Qarayev deyib ki, bir çox ölkələrdə olduğu kimi bizdə də reseptlər rəqəmsallaşdırılır: "Həkimlərin işi asanlaşdırılır, vaxta qənaət olunur. Elə pasiyentlərin də. Dünya ilə ayaqlaşmaq yaxşıdır. Amma bir məsələ var, dərmanların qəbul qaydasını xəstə ilə üzbəüz oturmadan izah etmək çətin olur. Qəbulda başa salırsan. Məsələn, 1 ölçü qaşığı gündə 3  dəfə, bax, bu 1 və 3 rəqəmi 10 anadan doqquzunu çaşdırır. Ona görə əksəriyyət geri zəng vurub təkrar-təkrar qəbul qaydasını soruşur. Bu baxımdan çətin olacaq. Bundan başqa, yazdığın dərman aptekdə yoxdursa, əvəzedici üçün yenə geriyə zəng vurmalı olur pasiyentlər. Nəzərə alsaq ki, aptekə daha çox yaşlı və xronik xəstələr müraciət edir, onların hamısının internetdən anlayışlı olmaya bilər. Yenə deyirəm, modern tətbiqdir, amma əhali hələ ki hazır deyil, buna vaxt lazımdır".

Farmakoloq, dosent Aydın Əliyev isə mövzu ilə bağlı Musavat.com-a dedi ki, elektron resept səhiyyədə bir inqilabdır: "Təbii ki, bu qanunun tam işləməsi üçün vaxt lazımdır. Çünki o biri reseptlər də hələ ki, təcrübədədir. Amma bir çox hallarda həkimlərin yazdıqları reseptlər oxunmurdu, problemlər yaradırdı. Elektron reseptdə ilk olaraq dərmanların tərkibi, qiymətləri göstərilməlidir. Xəstə əvvəldən həkimə müraciət edir, insan niyə xəstələnib, irsi, yoxsa qazanılan xəstəlikdirmi, ailədə, işdə nə problem var. Bunlar hamısı,  üstəgəl xəstə diaqnozunu da, səbəbini də  artıq bilir. Eləcə də, xəstəliyi üçün lazım olan dərmanı, o dərmanda ona lazım olan maddəni də bilir. Misal üçün, kalsiumun lazım olduğunu bilir və yalnız o dərmanı da alacaq. Artıq əczaçılar reklam olunan firma dərmanlarını insanlara sırıya bilməyəcəklər".

Farmakoloq əlavə edib ki, bu, həkimlərin biliyini daha da artıracaq: “Həkimin də, xəstənin də, əczaçının da məsuliyyəti artır. Bu sistem tam işə düşsə, çox problemlər həll olunur. Başqa apteklərə, firmalara ehtiyac qalmır. Bu, böyük, inqlabi bir işdir. Təbii ki, burada problemlər olacaq. Amma Azərbaycana gətirilən çox sayda keyfiyyətsiz dərmanların gətirilməsinin qarşısını alacaq.

Vətəndaşlarımız da öz hüquqlarını tələb etsinlər. Vətəndaşın aptekə “dərmanın sertifikatı varmı” sualını verməyə hüququ var. Artıq reseptlərdə qiymətlər göstəriləcək, özləri aptekdə təklif olunan dərmanların fərqini öyrənməlidir". 

Qeyd edək ki, elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək.

Elektron reseptdən istifadə üçün ”Reseptim” tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər. Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək. Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi, vətəndaşların keyfiyyətli, təhlükəsiz və etibarlı səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.

Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.(musavat.com)

 

ƏN ÇOX OXUNANLAR

0.085915088653564