Paytaxt Bakının mərkəzində bir sıra avtodayanacaqlarda yeni parkinq tarifləri müəyyən olunur. Bir sıra şəxslər yeni tarifləri yüksək hesab etsə də, bəziləri şəhər yollarında hərəkət edən avtomobil sayının azaldılması üçün bu addımlarə zəruri hesab edir.
Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, burada hədəf kimi şəhər mərkəzində sıxlığın aradan qaldırılması kimi görülür: “Həmçinin nəqliyyat vasitəsi sahiblərinin ictimai nəqliyyata yönəlməsi üçün mövcud parkinq tarifləri müəyyən olunur. Lakin bunu başqa stimullaşdırıcı addımlarla etmək mümkündür”.
Ekspertin fikrincə, istənilən halda qiymətlər son dərəcədə bahadır: “Qiymətlərin müəyyən edilmiş şəhərdaxili kateqoriyalar həddində müəyyən edilməsi daha məqsədəuyğun olar”.
İ. Hüseynlinin sözlərinə görə, parkinqlərlə bağlı ciddi narazılıqlar var:
“Daimi iş yerlərinə gələn şəxslər də nəqliyyat vasitələrini park etmək üçün mövcud tariflərlə ödəniş etməli olurlar. Bu baxımdan bəzi ərazilərdə istisnalar tətbiq olunmalıdır. Bu yerlərdə çalışan şəxslərə ucuz qiymətə olan parkinq kartları verilməlidir. Vətəndaşlar əməkhaqlarının bir hissəsini parkinqə ödəməli deyil. Şəhərin mərkəzi hissəsində hər struktur öz parkinqini yaradaraq istədiyi qiyməti tətbiq edir. Bu da məsələnin tənzimlənməsini çətinləşdirir. Bu baxımdan sabit qiymətlərin tətbiqi daha doğru olar”.
Milli Məclisin deputatı Rüfət Quliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bütün ölkələrin mərkəzi şəhərlərində qiymətlər şəhərətrafından 2-3 dəfə baha olur: “Buradakı icarə, ictimai-iaşə və s. qiymətlər parkinq tariflərinə də təsir göstərir. Mərkəzdən 2-3 km kənarda isə qiymətlər daha aşağı olur”.
Millət vəkilinin sözlərinə görə, şəhərdə tıxacla əlaqədar problemlər əsasən mərkəzi küçələrdə müşahidə olunur: “Şəhər mərkəzinə insanların ictimai nəqliyyatla, yaxud avtomobillərini kənar yerlərdə park edərək piyada gəlməsi birmənalı siyasətdir”.
“Məlumdur ki, Bakı şəhərinin Baş planı hazırlanır və 2040-cı ilə qədər planın həyata keçməsinə kifayət qədər pul yatırılacaq. Bu prosesdə parkinq məsələləri tam həll olunacaq”, - deyə R. Quliyev əlavə edib.
Könül
Ölkə.Az