“Pul sevdalısı, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen növbəti anti-Azərbaycan addımı atıb. Martın 27-də onun rəhbəri olduğu və tərkibinə ölkəmizin qatı düşməni hesab edilən şəxslərin daxil olduğu “Ermənistanın dostları şəbəkəsi” qrupunun hesabatı açıqlanıb. Hesabat formal olaraq Ermənistan-Avropa İttifaqı münasibətlərinə həsr olunsa da, orada Azərbaycanla bağlı məqsədli şəkildə təhrif olunmuş qərəz və böhtan xarakterli məlumatlar yer alır, ölkəmizin adı sənəddə düz 30 dəfə çəkilir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistandan maaş aldığını heç gizlətməyən Rasmussen hesabatda utanmaz-utanmaz Azərbaycanı təcavüzdə ittiham edir, ölkəmizin Ermənistan ərazisində strateji yüksəklikləri işğal etdiyini, onun suverenliyinə daim təhlükə yaratdığını, tezliklə hücum edəcəyini və münasibətləri normallaşdırmaq arzusunda olmadığını bildirir.
“Bu həmin Rasmussendir ki, ötən ilin yazında Ermənistana səfəri zamanı Azərbaycanla sərhəddə Ermənistan bayrağı fonunda şəkillər çəkdirib, ölkəmizin ünvanına yalanlar, böhtanlar və hədələr səsləndirib. Bu həmin Rasmussendir ki, Ermənistanı silahlandırmaq təklifi ilə vaxt-aşırı Avropa İttifaqına mətbuat səhifələrindən müraciət edir”, - o qeyd edib.
Deputat daha sonra qeyd edib: “Maraqlıdır ki, Rasmussen NATO-nun baş katibi olarkən Azərbaycanda səfərdə olub, həmin dönəmdə bu cür yalan bəyanatlar verməyib. Bəlkə, o, vaxtilə torpaqlarımızın işğal altında qaldığını, soydaşlarımızın qaçqın və məcburi köçkün düşdüyünü, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən məlum qətnamələrin qəbul olunduğunu, lakin icra olunmadağını unudub? Xeyr, unutmayıb. Sadəcə, NATO-nun baş katibi postunu tərk etdikdən sonra Rasmussen pensiya təminatı mənbəyini taparaq, qollarını çırmalayıb pul qazanır.
Buna baxmayaraq bu gün bəzi Qərb dairələri korrupsiyaya qurşanmış və etik qaydaları tam aşmış Rasmussen vasitəsilə Ermənistana xarici siyasətlə bağlı dırnaqarası məsləhətlər verir və bilirlər ki, həmin məsləhətlər Ermənistanı uçuruma və təcridə doğru aparır. Ermənistan isə bunu dərk etməyə tələsmir.
Əlbəttə, bir tərəfdən Avropa İttifaqı-Ermənistan münasibətləri onların öz daxili işidir, amma digər tərəfdən bu cür hesabatlar Cənubi Qafqazdakı proseslərə açıq müdaxilə xarakteri daşıyır, sülh danışıqlarına ciddi xələl gətirir, regiondakı həssas durumu daha da gərginləşdirir.
Amma istənilən halda Rasmussenin və digər riyakarların maliyyə iştahına rəğmən Azərbaycan regionda sülh gündəliyinin təşviq edilməsi yolundan çəkinməyəcək, regionda sabitliyin bərqərar olunması istiqamətində səylərini davam etdirəcək və bu cür təxribatlara tutarlı cavablar verəcəkdir”.
Mürtəza
Ölkə.Az