- 5
ENDİRİLİR
ENDİRİLİR
Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər: “Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.