Amerikada təhsil onun arzusu olur. İlk cəhdində bu ölkədə ödənişli təhsil imkanı qazansa da, xərcləri qarşılaya bilmədiyi üçün gedə bilmir. Lakin davamlı olaraq 8 il ödənişsiz təhsil üçün ABŞ universitetlərinə müraciət edir. Nəhayət 2009-cu ildə o imkanı qazanır və bu ölkədə arzuladığı texnoloji təhsili alır. Tərcüməçi kimi çalışsa da, zamanla karyerası texnoloji sahəyə yönəlməyə başlayır. Bu gün isə həm Azərbaycan, həm də Amerika bazarında fəaliyyət göstərən texnoloji şirkətin təsisçisidir.
Söhbət “Whelp” İT şirkətinin təsisçisi Seymur Rəsulovdan gedir.
Qeyd edək ki, S.Rəsulov Gəncə Dövlət Universitetində tərcümə sahəsində (ingilis dili) bakalavr və magistr təhsili alıb. ABŞ-da Urbana-Şampeyn İllinoys Universitetində kompüter elmləri üzrə ikinci magistr təhsili alıb.
- Seymur bəy, iş həyatına nə zaman başlamısınız?
- Mən 1-ci kursdan işləməyə başlamışdım. Liseydə qrup rəhbəri olaraq işləyirdim. Gündüz növbəsində işləyən qrup rəhbərləri səhər uşaqları oyadırdı, onların dərslərinə köməklik edirdi. Gecə növbəsində qrup rəhbəri isə uşaqların üstünü örtür, onların mühafizəsi ilə məşğul olur və s. Mən bəzən səhər, bəzən gecə növbəsində işləyirdim. Bakalavr təhsili dönəmində - 2001-2004-cü illərdə o işdə çalışdım. Bakalavrdan sonra magistr təhsilinə də Gəncədə başladım.
Lakin sonra təhsilimi qiyabi etdim və Bakıya köçdüm. 2005-ci ildə Bakıda internet kafe açdım.
- İnternet kafe açmaq üçün pulunuz var idi?
- Bir az pul yığmışdım, bir az da kredit götürdüm.
- Uğurlu alındı?
- İnternetin sürətinin bir meqabayt olduğu dövr idi. İşimiz də yaxşı gedirdi. Hətta o vaxt xanımlar internet kafeyə getmirdilər. Biz 2 və 4-cü günləri xanımlar günü etmişdik. Elə səliqəli mühit yaratmışdıq ki, xanımlar da gəlirdilər. 4-5 il işlədik, yaxşı gəlir gətirdi. 2006-cı ildə Dünya Bankında işə düzəldim.
“Dünya Bankına CV göndərməmişdim, məni özləri tapdılar”
- İnternet kafedən Dünya Bankına işləməyə keçid necə oldu?
- İnternet kafeni işlədirdim, amma iş də axtarırdım. Hər yerə CV göndərirdim. Hətta “28 May” metrostansiyası tərəfdə yerləşən telefon mağazalarının hamısına CV vermişdim. Ancaq Dünya Bankına CV göndərməmişdim (Gülür), məni özləri tapdılar. Bu onu göstərir ki, siz çox yerə CV vermisinizsə, necəsə o CV gedib bir əllərə düşəcək. Nə qədər çox ortalıqda olsanız, bir o qədər sizi görmə ehtimalını artırırsınız. Ona görə doğru kontent paylaşmaq, doğru yerlərdə olmaq, çox tədbirlərə getmək, aktiv olmaq lazımdır. Kimsə sizi hardasa və necəsə görsün. 2006-2008-ci ildə Dünya Bankında tərcüməçi işlədim. Sonra Britaniya Səfirliyinə keçdim. Sonra isə Amerikada təhsil qazandım və 2009-cu ildə Amerikaya getdim.
- Amerikada təhsiliniz təqaüdlü idi, yoxsa öz hesabınıza təhsil aldınız?
- Amerikada təhsili 2009-cu ildən hələ 10 il əvvəldən də çox müddətdə arzulamışam. 2001-ci ildə bakalavr təhsili üçün ABŞ universitetinə qəbul olmuşdum. Dövlət proqramı deyildi, təqaüd də yox idi, ona görə gedə bilmədim. Hətta o vaxt valideynlərim xaricdə təhsil almağımı istəmirdilər. Valideynimə qarşı çıxanda, şillə vurub dedi ki, otur yerində, ölkəndə oxu. Onlar narazı olsalar da, mən davamlı olaraq 8 il Amerikada təhsil üçün müraciət etdim, amma kəsildim. Çünki ancaq təqaüdlü istəyirdim. Nəhayət 2009-cu ildə ABŞ dövləti hesabına təqaüdlü təhsil qazandım. 3000 nəfər müraciət etmişdi, 15 nəfər seçmişdilər. Rəqabət çox idi. Mən də informasiya texnologiyaları sahəsində magistraturaya qəbul olmuşdum.
- Niyə Amerikada təhsilə bu qədər maraq göstərirdiniz?
- Mənə xaricdə təhsilin insana nə kimi təcrübə qatdığı maraqlı idi.
- Amerikada magistr təhsili qazananda, həyatınızın hansı dönəmində idiniz?
- Azərbaycan ortalamasına görə oturuşmağa başlamışdım. Yaxşı işim, əməkhaqqım var idi.
Evlənməyə, ipoteka götürməyə, avtomobil almağa hazırlaşırdım. Maliyyə vəziyyətim bunları edəcək formaya gəlmişdi. Təhsili qazananda, hər şeyi radikal şəkildə dəyişdim. İşimdən çıxdım, avtomobili satdım, ev alası olmadım, nişanı qaytardım. Hər şeyi kökündən dəyişdim. Bəzən insanlar dəyişiklik etməkdən qorxurlar, amma indi geriyə baxanda görürəm ki, bunlar niyə baş verib.
“Avtomatlaşdırılmış sistem o qədər doğma şəkildə cavab verməlidir ki...”
- Azərbaycanda təcrümə üzrə təhsil almısınız, bu sahədə işləmisiniz. Amerikadakı təhsiliniz kompüter elmləri üzrədir. Tərcümə sahəsindən bu istiqamətə keçid necə oldu?
- Əslində, hər zaman “qaşınırdım” ki, nəsə yenilik, innovasiya edim. Yəni texnoloji sahəyə marağım əvvəldən var idi. Türk liseyində işlədiyim dönəmdə texnoloji sahədə müəyyən şeylər öyrənmişdim, zamanla şəxsi marağım nəticəsində bu sahədə biliyimi artırdım. İnternet kafe işlədəndə də bu istiqamətdə istər-istəməz daha çox şey öyrəndim. Amerikada kompüter elmləri üzrə təhsil imkanı qazananda, texnoloji sahədə biliyim təxminən 20 faiz olardı. Güclü biliyə malik olduğumu deməzdim, amma nələrsə etməyi çox istəyirdim.
- O qədər həvəslə getmişdiniz, bəs niyə təhsil başa çatanda Azərbaycana döndünüz?
- Oxuduğum proqramın şərtlərindən biri o idi ki, qayıdıb ölkəndə işləməlisən. Mən də qayıdıb ADA Universitetində kitabxana direktoru oldum, sonra iş təklifi gəldi, Qətərə - Dohaya köçdüm, 2 il orda işlədim. Daha sonra 4 il Dubayda işlədim. Bu işlərdə artıq texnoloji sahəyə yönəlmə getmişdi. Sonra Azərbaycana gəldim. 6 il evlilikdən sonra boşandım. Valideynim mənə dedi ki, boşansan, özümü öldürəcəm. Dedim ki, özün bilərsən, amma mən xoşbəxt deyiləmsə, bu ailəni davam etdirə bilmərəm. Həmin dövrdə 2018-ci ildə “Whelp” İT şirkətini qurdum.
- İT şirkəti çoxdur, sizin şirkətin göstərdiyi xidmətdən danışaq. Fərqiniz nədir?
- Şirkət çağrı mərkəzlərinin avtomatlaşdırılması üçün proqram təminatı yazır. Hansısa dövlət, yaxud özəl qurumun müştəri xidmətlərinə zəng vuranda çox vaxt bizi gözlədirlər. Və mən elə bir insan tanımıram ki, gözləmədən zövq alsın. Bizim əsas işimiz o gözləməni aradan qaldırmaqdır. Sloqanımız belədir: “Müştəriləriniz çox gözləməsin”. “Çox”un üstündən xətt çəkirik, müştəriləriniz heç gözləməsin. Müştəri həmin qurumla əlaqə saxladığı anda ona ya süni intellekt, ya avtomatlaşdırılmış sistem o qədər doğma şəkildə cavab verməlidir ki, müştəri ona xidmət göstərildiyini hiss etsin.
- Çatbot cavabı kimi?
- Siz hansısa quruma mesaj yazan kimi çatbot yazır ki, adınız, soyadınız nədir? Fin kod və mobil nömrənizi yazın və s. Bu, qurudur və müştərini o qədər də razı salmaya bilir. Biz isə buna yumoristik və daha insani komponentlər əlavə etmişik. Məsələn, xoş gəlmisiniz, başa düşürəm nəsə təcili sualınız var, buyurun zəhmət olmasa dərhal sualınızı bildirin. Yaxud yazır ki, olar nömrənizi soruşum? Olar zəhmət olmasa adınızı qeyd edəsiniz?
“Dəfələrlə “yox”, “maraqlı deyil”, “özümüz edəcəyik” eşitmişik”
- Xidmətiniz var idi, bəs müştəriləri necə tapdınız?
- Bu işə ortağım Enriki Nurməmmədovla bir yerdə başlamışıq. Çox güclü proqramçıdır. 2018-ci il yay ayı idi. Bizim şirkətin xidmətinin hələ ilk versiyası hazır idi. Çantalarımızı çiynimizə vurduq və müştərilərlə görüşə getməyə başladıq. Səliqəli görünmək üçün kostyum geyinmişik, qalstuk taxmışıq, amma hava da çox isti idi. Günəş vurur, tərləmişik, amma kostyumda getməyə məcbur idik. İlk görüşə gedəndə yolda süpürgə satan kişi gördük. Ortağıma dedim ki, bax, eyni işi görürük. O, çiynində süpürgə aparır, biz kompüter aparırıq və ikimizin də məqsədi satışdır. Onun satdığı məhsulun effekti 1 “x”dir, bizimki 10 “x”. O fərqi biz müştəriyə düzgün şəkildə çatdırmalıyıq. Qapı-qapı gəzib müştərilərə həll yolunu satdıq. Dəfələrlə “yox”, “maraqlı deyil”, “özümüz edəcəyik” eşitmişik. 2018-2019-cu ildə böyük banklardan biri dedi ki, bizə lazım deyil, özümüz edəcəyik. 2023-cü ildə gəlib dedilər ki, biz edə bilmədik, sizin məhsulu almaq istəyirik. Təbii ki, bizim məhsulumuz o müddətdə daha da təkmilləşmişdi.
- Bu gün müştəriyə neçə məhsul təqdim edirsiniz?
- Bir məhsul təqdim edirik, amma onun içində 3 komponent var. Onlardan birincisi, statik və dinamik çatbot vasitəsilə avtomatlaşdırmadır. İkincisi, bütün müştəri kanallarından gələn müraciətlərin vahid pəncərədən idarə edilməsidir. “Whatsapp”, “Telegram”, “Facebook” və s. kanallardan yaza bilərsiniz, bunların hamısını vahid pəncərədən idarə etmək üçün bizim bir interfeysimiz var. Üçüncüsü isə, hər bir operatorun faydalı iş əmsalını ölçmək üçün çox detallı hesabatlılıqlar veririk. Kim neçə dəqiqə işlədi? Hansı mesajları yazdı? Müştəri nə qədər gözlədi? Müştəri sizinlə danışanda neçə dəqiqəyə həll edə bildi?
- Bu xidməti bizdə başqa İT şirkətləri göstərmirlər?
- Bir neçə rəqibimiz var və rəqabətin olması yaxşıdır, inkişafa gətirir. Müştəri gələndə həmişə deyirəm ki, rəqib şirkətlərlə maraqlanmısız? Hətta rəqib şirkətlərin adlarını da deyirəm ki, araşdırın, müqayisə edin, elə qərar verin. Rəqabətdən qorxmuram.
- Azərbaycanda başlamısınız, amma indi Amerikaya köçdünüz. Şirkətiniz Azərbaycan qeydiyyatındadır, yoxsa Amerika?
- Hər iki ölkədə qeydiyyatda olan şirkətdir. 2018-ci ildə Azərbaycan qeydiyyatı ilə başladıq, amma hədəfimiz tək Azərbaycanda işləmək deyildi. 2019-cu ildə ilk investisiyamızı aldıq, ona görə şirkəti həm də Amerikaya daşıdıq, orda da qeydiyyatdan keçirdik.
- İnvestisiya alana, müştərilər gələnə qədərki durumunuzdan danışaq.
- "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində bizə ofis vermişdilər, gecə-gündüzümüz orda idi. Orda yatırdıq. Oranı ərsəyə gətirənlərə minnətdaram. Gecə soyuqda filan qalmaq dərdi çəkmirdik. Orda layihəmizi bir yerə gətirib Amerika bazarına çıxara bildik.
Maliyyə durumuna gəlincə, ilk il cəmi bircə müştərimiz var idi. Ayda 200 manat ödəniş edirdi. Avqustda başlamışdıq, dekabra qədər tək müştərimiz o oldu. Azərbaycan banklarından biri idi. Hələ də onlara minnətdaram. “Paşa Travel” da bizə ilk inanan və uzunmüddətli müştərilərimizdəndir.
Son 3 ildir ki, şirkəti çox yaxşı gəlirlərlə bağlayırıq. Keçən ili 3,2 milyon dollar dövriyyə ilə bağladıq.
“13-cü əmək haqqı verdik, əmək haqqlarını artırdıq”
- Hər biznesin çətin dövrü olur. Ən çətin dövrünüz nə zaman oldu?
- Keçən il yanvar və fevral ayı ərəfəsində maaşları verə bilməyəcək vəziyyətdə idik. 2 ay maaşları verə bilmədik. 2023-cü ilin sonunda bizim maliyyə vəziyyətimiz çox yaxşılaşdı, 13-cü əmək haqqı da verdik, hər kəsin əmək haqqını 10 faiz artırdıq. Və yanvar, fevral, mart ayları olmaqla 3 ayın maaşını öncədən bir yerdə verdik. Bu da bir növ bizim təşəkkürümüz idi.
- Çətinlik dövründə bir az rəhbər təslim də ola bilir. Maaş verə bilmədiyiniz dönəmi necə idarə etdiniz?
- İşçilərə hər şeyi olduğu kimi izah etdim. Dedim ki, dostlar, bu, bizim bank hesabımızdır. Alacaqlarımız var, amma hələ gəlməyib. Ona görə maaşları verə bilmirəm. Görsək ki, gecikir, mən evimdəki filan məhsulları sata bilərəm və idarə edərik, amma hazırkı vəziyyətimiz budur. İstəyirsinizsə qalın, istəmirsinizsə, sağollaşaq, dərhal özünüzə iş axtarın. Mən buna normal baxacam. İşçilər dedilər ki, 6 ay maaşsız işləyə bilərik.
- Səmimi şəkildə izah etmisiniz.
- Ümumiyyətlə, açıq ünsiyyət tərəfdarıyam. Bizim şirkətdəki gəlirimizin nə olduğunu komdamız bilir. Bəzən dostlar məni qınayır ki, işçilərinə hansı müqavilənin nə qədər məbləğdə olduğunu niyə deyirsən? Mən bunu rahat deyirəm. Çünki komandamız bilir ki, biz o öhdəliyi yerinə yetirməsək, nə qədər zərərə gedərik. Hər kəs öz məsuliyyətini başa düşür. Bu yaxınlarda komandamızdan bir nəfər gəlib deyir ki, mən bu şirkətə bu qədər pul qənaət etmişəm. Bunu etməyi ona heç kim deməyib. Amma o bilir ki, onu edəndə şirkətimizin ömrü 6 ay da uzandı. O adam ona öz şirkəti kimi baxır. Və mən də heç bir komanda üzvümü işçi kimi görmürəm. Mən onlara tapşırıq verəndə soruşuram ki, bunu edə biləcəksən, çatdıra biləcəksən? Yəni bizdə işçi - menecer münasibəti yoxdur.
- Şirkət yaranan ilk zamanlardan investisiya aldığınızı dediniz. Nə qədər investisiya cəlb edə bilmisiniz?
- İndiyə kimi 3 fərqli investordan 1 milyon dollar investisiya almışıq. Azərbaycandan da kiçik həcmdə investorlarımız var. Bizə ilk inanan onlar oldu. Ortada bir şey yox idi, amma onlar bizə inanmışdılar. Azərbaycandakı investorlarla əlaqələrimiz çox yaxşıdır. Azərbaycana gələn kimi etdiyim ilk iş investorlarla görüşmək şirkətimizlə bağlı məlumat vermək olur. Onlara illik hesabatlar göndərirəm.
- Əgər biznes Azərbaycandan da idarə olunurdusa, işlər gedirdisə, Amerikadan müştəri var idisə, niyə ötən il Amerikaya getmək qərarı verdiniz?
- Əgər siz balaca bir akulanı doğulanda götürüb akvariuma salsanız, o, akvariumun ölçüsündən artıq böyüyə bilməz. Çünki onun çərçivələri böyüməyə qoymayacaq. Siz akulanı balacalıqdan dənizə buraxsanız, o 3-4 metrə qədər böyüyəcək. Azərbaycanımız bizə doğmadır, amma 2 saatlıq təyyarə ilə hərəkət edəndə başqa ölkə, fərqli dil, başqa valyuta, vergi, bazar sistemi, bazar araşdırması, mədəniyyət, satış bacarıqları və s. başlayır. Amerika elə deyil. Amerikada Florida ştatının Mayami şəhərində oturub Vaşinqtonda Seatle şəhərinə istədiyiniz məhsulu sata bilərsiniz. Bir gün içində çatdıra bilərsiniz. Eyni dil, eyni vergi sistemi, eyni bazar araşdırması, eyni düşüncə tərzidir. Sərhəd, gömrük yoxdur. Məhsul mübadiləsi, məhsul dövriyəsi üçün sərhədlər yoxdur.
- Yəni bazar böyük olduğu üçün getdiniz.
- Həm bazar böyükdür, həm insanların alıcılıq qabiliyyəti nisbətən daha güclüdür, həm də Amerikada avtomatlaşdırmağa çox əhəmiyyət verilir. Eyni zamanda da bürokratiyanın qərarvermə prosesində daha az və proseslərin daha sürətli olması kimi səbəbləri deyə bilərəm.
“Mən Amerikadayam, bütün komanda Bakıdadır”
- Deyirlər ki, amerikalılar qiymət söhbəti etmir, endirim istəmir...
- Amerikalılar deyir ki, bu məhsulun qiyməti neçəyədir? Deyirəm ki, 400 dollar. O deyir ki, bu xidmət mənə nə qədər vaxt qazandıracaq? Deyirəm 10 saat. Deyir ki, istəyirəm. Azərbaycanda isə deyir ki, sənə 400 dollar verməkdənsə, bir nəfər işçi götürərəm, işləyər. Düşüncə tərzində biz optimallaşmaya doğru yox, daha çox “Soğan olsun, nağd olsun” yanaşmasına gedirik. Mən işçi götürməyin əleyhinə deyiləm, amma işçinin xəstələnməsi, evə getməsi, uşaq və s. məsələləri var. Texnologiya onu əvəzləyə bilirsə, o işçiyə bəlkə daha yaxşı iş tapmaq olar. Məsələn, ilkin versiyada avtomatlaşdırılmış sistem müştəri xidmətini göstərsin, o işçini VİP müştərilərə təyin edin.
- Amerikaya köçməklə gözləntiləriniz özünü doğrultdu?
- Bircə mən Amerikadayam, digər bütün komanda Bakıdadır. Bəli, ora köçəndən sonra biz bürokratik işin azalmasında sürət, müştərilərin referanslarının gücünü görürük. Eyni zamanda, investorlarda daha çox maraq hiss edirik. Biz tam Azərbaycanda oturub Amerikada investorlara müraciət edəndə, deyirdilər ki, Amerikada şirkətiniz varsa, ora investisiya edək. Çünki çox investorlar Azərbaycanı tanımırlar, yaxud bizim ölkənin qanunvericiliyi bilmirlər deyə, Azərbaycana investisiya etməyə meylli olmurlar.
- İki ölkə arasındakı saat fərqi rahat işləməyə imkan verir?
- Mən səhər 5-də oyanıb işə başlamalı oluram. Amerikada səhər saat 5 olanda Azərbaycanda günorta 3 olur. Amerika vaxtı ilə 8-9-a qədər işləyirəm, həmin vaxt Azərbaycanda 6-7 olur, iş saatı bitir. Sonra övladımı məktəbə aparıram. Sonra boş vaxt olur. O boş vaxtında Amerika bazarına işləməyə başlayıram. Axşam isə məndə 11 olanda Bakıda artıq 9 olur. Və onda da yenidən öz komandamla işləyirəm. Gecə saat 1-2-yə kimi işləyirəm yenə. Vaxt fərqinə görə bir az çətinlik olur.
- Şirkətinizin nə qədər əməkdaşı var?
- İlk vaxtlar 32 nəfərlik komandamız var idi, indi 13 nəfərik.
- İki dəfədən çox azalmanın səbəbi nədir?
- Bizim “Smile pay” adlı biometrik ödənişlər layihəmiz var idi. O layihənin 75 faizini “Paşa Bank”a təhvil verdik. Ondan sonra o layihədə komanda sayını azaltmalı olduq.
- Şirkətin müştəriləri kimlərdir?
- Azərbaycan bazarında çox dəyərli müştərilərimiz var və onlara xidmət göstərmək bizə zövq verir. “AccessBank”, “Paşa Travel”, “Bank of Baku”, “RabitəBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, DOST Agentliyi və s.
- Bəs Amerikada?
- Amerika müştərilərimiz daha çox otellər, e-commerce saytlarıdır. Amerikada məqsəd odur ki, mümkün qədər operatora müraciət az olsun. Çatbot mümkün qədər avtomatlaşdırsın. Azərbaycanda daha çox operatorlara gedirlər.
- Amerikaya startap vizası ilə getmisiniz.
- O1 adlı viza var. Amerikanın startaplara verdiyi yeni vizasıdır. İdeyası, innovativ layihəsi olan startapları ölkələrinə dəvət edirlər. Əgər bu istiqamətdə ideyanız varsa, şirkətinizi qeydiyyatdan keçirib həmin vizaya müraciət edə bilərsiniz. 3+3 il üçün verilir, 6 illik vizadır. Layihəniz uğurlu olarsa, vizanız “Green card”a çevrilir.
“Hamı mütləq xarici bazarın dadına baxmalıdır”
- Deyirlər ki, Amerikada investor çoxdur, investisiya almaq daha asandır.
- Daha asan və sürətlidir. Amerikalı investorların etibarı çox olur, möhürlərə ehtiyac yoxdur. Bir investorumuz pandemiya dövründə bizə 500 min dollar investisiya yatırdı. “Zoom” üzərindən danışdıq, biz onu tanımırdıq, o da bizi. Adam müştərimiz oldu, məhsulumuzu öz çağrı mərkəzlərində işlətdi, sonra investisiya etmək istədi. Pandemiya bitən kimi ilk işim çox gözəl bir Azərbaycan xalçası alıb o investorun yanına getmək oldu. Görsün ki, biz realıq. Sən demə bu investorun bir uşağında autizm xəstəliyi var imiş. Azərbaycan xalçasındakı o naxışları axı çox zəngindir. Bizə dedi ki, siz xalçanı gətirəndən sonra evə bir hüzur, sakitlik gəlib. O uşaq o xalçanın üstündə oturub o naxışları bir-bir incələyir.
- Amerikada investorlara ünsiyyətdə olursunuz. Sizcə, bu ölkəyə hansı ideya ilə getməliyik?
- Mən bunu 3 P hərfi ilə cavablaya bilərəm. Birincisi, həqiqətən bir problemin həllini tapmalısınız. Bizim etdiyimiz həll yolu gözləmə probleminin həllidir. İkincisi, ideya olması hələ heç nəyi həll etmir, product (məhsul) olmalıdır. İdeyanızı məhsula çevirməlisiniz. Ola bilər ki, siz peraşki bişirmək istəyirsiniz. Bunun unu, yumurtası, duzu, mayası və s. olması kifayət etmir. Bişirməsən də, xəmiri yoğurmalısan. Üçüncü P profitdir. Yəni siz bunu gəlir gətirəcək bir həll yoluna çevirməlisiniz. Və yəqin ki, bu istiqamətdə yönələn gənclər, peşəkarlar daha tez investor mühitinə düşə biləcək.
- Çox adam Amerikanın iş, startap mühitini görmək istəyir. Sizcə, istəyən hər kəs mütləq o mühiti görməlidir?
- Müəyyən iş və həyat şərtlərini nəzərə almaqla ya qayıtmaq, ya da qalmaq şərti ilə, məncə, hamı mütləq o xarici bazarın dadına baxmalıdır. Çünki sizin təcrübəniz birdən ona qalxır.
- Yəni ki yoxlamaqda fayda var?
- İmkan varsa, yaxşı olar. Demirəm ki, Azərbaycanda nəsə pisdir, hardasa yaxşıdır filan. Hara da getsək, biz azərbaycanlıyıq, bu ölkə bizim üçün doğmadır, öz torpağımızdır. Əgər oxumaq, öyrənmək, inkişaf etmək fürsətlər varsa, niyə də onları yoxlamayaq? Qaval daşı cizgi filminə baxmısınız? Orda adama deyirlər ki, get bizə qaval daşını gətir. Adam qayıdanda “Qaval daşı hanı” sualı verirlər, deyir ki, mən qaval daşını yox, onun sirrini gətirmişəm. Bəlkə biz gedib o sirri gətirməliyik. Onlar necə edirlər, onlarda necə daha yaxşıdır?