Kollektiv Qərb ölkələri Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaq cəhdləri çərçivəsində Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qurumun kollegiyasında nazir Sergey Lavrovun sədrliyi ilə “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi haqqında” mövzusunda görüş keçirilib.
Görüşün yekunlarına dair bəyanatda vurğulanır ki, kollektiv Qərb Rusiyanın strateji məğlubiyyəti üçün Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda sabitliyi pozmağa, Rusiyanı bu ölkələrlə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır.
“Rusiya Qərbdən fərqli olaraq, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi prioritetindən çıxış edir. Rusiya çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirəcək”, - Rusiya XİN-in bəyanatında deyilir.
Bəyanatda həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi, o cümlədən Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirilməsinin zəruriliyi təsdiq edilir.
Sənəddə bölgənin üzləşdiyi problemlərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə “3+3” regional məsləhətçi platformasının potensialından istifadənin vacibliyi vurğulanıb.