- 7
ENDİRİLİR
ENDİRİLİR
Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb. Artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.
Bəs görəsən, 2 ay Məhərrəm ayında, daha sonra COP29-la əlaqədar toy məclislərinin təxirə salınması şadlıq saraylarında qiymətlərin artmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hər iki amil toy qiymətlərinə təsirsiz ötüşməyəcək:
“Əslində, toy qiymətlərində artımını 2 ildir ki, hər ay ard-arda müşahidə edirik. Bu, açıq şəkildə görünür. Şadlıq evi sahibləri bunu ərzaq qiymətlərinin artması ilə izah edirlər. Ərzaq qiymətlərinin artması menyunun qiymətinin artmasına, bu da ümumilikdə toy xərclərinin yüksəlməsinə səbəb olur. Bu proses 2021-ci ilədn bəri sürətlənib və hər ay belə davam edir.
İndi də uzun müddət Məhərrəmlik səbəbi ilə, daha sonra COP29-la əlaqədar çalışmayan şadlıq sarayları itirilmiş gəlirlərin geri dönməsi üçün qiymət artımına gedə bilərlər. Çünki bu müddət ərzində toylar yığılıb qalacaq və insanlar toy keçirmək üçün yer axtaracaqlar, toy məclisi keçirmək üçün müraciət edənlərin sayı çox olduqda da tələb artacaq. Tələb artdığı zaman da iqtisadiyyatın qızıl qanunu işə düşür: Təklif yerində qalırsa, qiymət yüksəlir”.
Ekspert əlavə edib ki, bu ilin sonuna qədər şadlıq evlərində qiymət artımı dalğalarını görəcəyik:
“İl sonuna kimi şadlıq saraylarında bir neçə dəfə qiymət artımı dalğaları müşahidə edəcəyik. Bunun müvəqqəti olacağını isə düşünmürəm. Çünki Azərbaycnda təəəssüf ki, qiymətlər artandan sonra bir daha enmir. Qiymət artımına başqa səbəblər də təsir göstərir. Buna infilasiya, ərzaq qiymətlərinin artması təsirsiz ötüşmür. Zatən biz noyabr ayında ərzaq qiymətlərinin artacağı ilə bağlı trendi gözləyirik. Çünki dizel yanacağının qiymətinin 25% artması istər-istəməz kənd təsərrüfatı məhsullarının qiymətinin yüksəlməsinə səbəb olacaq. Logistika bahalaşıb, kənd təsərrüfatında istifadə olunan dizel yanacağı kənd təsərrüfatı məhsullarının maya dəyərini təşkil edir. Deməli, maya dəyərləri yüksəldikcə, qiymətlər də arrtacaq”.