İsrailin İrana endirdiyi zərbə İranın ballistik raket istehsalı proqramının ən vacib komponentini sıradan çıxarıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin versiyasına görə, istehsal avadanlığının məhv edilməsi İranın raket arsenalını bərpa etmək qabiliyyətinə ciddi zərər vurub və onu İsrailə qarşı növbəti kütləvi raket zərbələrindən imtina etməyə məcbur edə bilər. ABŞ administrasiyasındakı portal mənbəyi hücumun İranın raket istehsalı imkanlarını zəiflətdiyini təsdiqləyib.
Nəşr qeyd edib ki, zərbə nəticəsində Tehranı və İrandakı nüvə və enerji obyektlərini qoruyan dörd S-300 zenit-raket kompleksi batareyası da zədələnib. Bundan əlavə, İran ərazisinə zərbələr Suriya və İraq hava məkanından, bəziləri isə İraqın İranla sərhədi yaxınlığından endirilib.
Portal mənbələri əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri dron istehsalı zavoduna hücum edib və keçmişdə nüvə silahının tədqiqi və işlənməsi üçün istifadə olunan Parçin şəhərindəki obyektə “simvolik” zərbə endirib.