• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tarlada tapdıqları sikkələr həyatlarını dəyişdi



Adam Staples 5 il əvvəl torpağın altlndan çıxardığı kiçik metal sikkələrin çox əhəmiyyətli bir kəşf olduğunu görən kimi anlayır, lakin bu qədərni təxmin etməyib. Ölkədə indiyə qədər tapılmış ən böyük xəzinəni kəşf edən Staples yaşadıqlarından danışıb...

Onların hamısı tarlanın ortasında toplanıb tapdıqları gümüş sikkələrə baxırdılar. Yerin altından ona yaxın sikkə tapılıb. Adam Staples orta əsrlərə aid olduğunu təxmin etdiyi bu sikkələrin əhəmiyyətli olduğunu hiss edirdi.

"Ölkə.az" xəbər verir ki, 2019-cu ildə Adam Staples yeni metal detektorunu sınaqdan keçirmək üçün 6 dostu ilə kəşfiyyat günü təşkil edib. Əslində, Staples uzun illər detektorla qiymətli metalları axtarmaq hobbisini davam etditib, amma böyük nəticələr əldə etməyib. Həmin gün həm Staples, həm də dostları tapdıqları sikkələrin həyatlarını dəyişəcəyini hiss ediblər. Lakin tarlanın sahibi onlarla razılaşmayıb.

Adam Staples "The New York Times"a verdiyi açıqlamada tarla sahibi ilə əyləncəli söhbət etdiyini bildirib: "Ona Hastings döyüşündən danışırdım. Amma tapdığımız nazik metal parçaların sikkə olduğuna belə inanmırdı".

Heç inanmasa da, xəzinə ovçularına köhnə vedrə borc verən tarla sahibi "Buyurun, davam edin" deyib.

Staples və dostlarının 5 il əvvəl İngiltərənin Somerset şəhərində tapdıqları bu sikkələr indi "Chew Vadisi dəfinəsi" kimi tanınır. Daha da əhəmiyyətlisi, rəsmilər bu sikkələrin İngiltərədə indiyə qədər aşkar edilmiş ən qiymətli xəzinə olduğunu açıqlayıblar.

Sikkələr bu yaxınlarda müstəqil xeyriyyə təşkilatı olan "South West Heritage Fund" tərəfindən 4,3 milyon funt-sterlinqə (5,58 milyon dollar) alınıb. Bu pul Staples, onun dostları və tarlanın sahibi arasında bölünəcək.

Metal detektor hobbisinin nəticəsi olaraq nadir sikkələr və antik əşyalar sahəsində auksionçu olaraq çalışan Adam Staples ikinci sikkəni çıxardıqları zaman əhəmiyyətli bir şey tapdıqlarından əmin olduqlarını bildirib: "Nə olursa-olsun, £1 sikkə olsa belə, cihaz ikinci dəfə siqnal verdikdə, "Başqası varmı" deyirsiniz və xəzinə tapa biləcəyini hiss edirsən".

Staples və dostları cəmi 2584 gümüş sikkə tapıblar. Arxeoloji dillə desək, "xəzinə" adlanan bu cür tapıntılar qədim dövrlərdə təhlükəsizlik məqsədilə torpağa basdırılmış əşyaların kolleksiyalarını təsvir edir.

Tapılan sikkələr Britaniya tarixində kritik dövr olan 1060-cı illərin sonlarına aiddir. Məhz, 1066-cı ildə Hastings döyüşündə Anqlosakson kralı II Harold Fateh Uilyamın başçılıq etdiyi Norman qüvvələri tərəfindən məğlub edilib.

Həm Harold, həm də Uilyamın üzləri tapılan sikkələrdə görünür. Bu o deməkdir ki, xəzinə İngiltərə hökmdarlarının dəyişdiyi bir vaxtda toplanıb basdırılıb.

Britaniya Muzeyində xəzinə registratoru kimi çalışan İan Riçardson deyib: "Onların harada istehsal edildiyi, harada çap edildiyi və çapına kimin cavabdeh olduğu barədə məlumatlar var".

Britaniya qanunlarına görə, "xəzinə" sayılmaq üçün bu cür tapıntıların yaşı 300 ildən çox olmalı və tərkibində ən azı 10 faiz qiymətli metal olmalıdır. Tək sikkə "xəzinə" sayılmır, amma eyni yerdən iki sikkə tapmaq tapıntını "xəzinə" edir. Belə bir "xəzinə" tapan insanlar dövlət orqanlarına xəbər verməlidirlər. Uzun və zəhmətli proseslərdən sonra tapıntıların kimə məxsus olacağı müəyyənləşir.

Bu qaydalarla tanış olduğunu bildirən Adam Staples tapıntı ilə bağlı dərhal tanıdığı bir məmura məlumat verdiyini və təsdiqləmə prosesinin 5 il çəkdiyini bildirib. Digər tərəfdən, Adam Staples və onun dostları kimi tarixdən xəbəri olmayan və ya ona hörmətlə yanaşmayanlar da var. Metal detektoru ilə axtarış qaydaları ölkənin müxtəlif yerlərində fərqli ola bilər. Bundan əlavə, tapıntılar barədə lazımi orqanlara məlumat verməyənlər qanuni sanksiyalarla üzləşə bilər.

Şəxsi mülkiyyətdə olan torpaqlarda torpaq sahibinin icazəsi olduqda metal detektorla axtarış aparıla bilər. Bununla belə, tapılan bütün mümkün xəzinələr barədə yerli hakimiyyət orqanlarına məlumat verilməlidir. Tapılan artefaktın "xəzinə" olduğu müəyyən olunarsa, onun mülkiyyət hüququ Britaniya hökumətinə keçir. Dövlət xəzinənin muzeylərə satışını idarə edir. Satışdan əldə edilən gəlir torpaq sahibi ilə detektor sahibləri arasında bölüşdürülür.

Riçardson bildirib ki, qanunla tapıntılar onları tapan şəxsə və ya torpaq sahibinə aid deyil, lakin ödəniş bu insanlara zəhmətlərinə görə verilən mükafatdır. Bu ödənişlərin bazar dəyərinə bərabər olmasını müəyyən etməkdə məqsəd xəzinələrin qara bazara düşməsinin qarşısını almaqdır.

Proses bəzən baş ağrılarına səbəb ola bilər. Məsələn, 2019-cu ildə ölkənin West Midlands bölgəsində iki nəfər Vikinq dövrünə aid bir dəfinə tapıblar və bu tapıntı barədə səlahiyyətli orqanlara məlumat vermədikləri və gizli şəkildə satmağa çalışdıqları üçün mühakimə edilərək həbsxanaya göndəriliblər.

Üstəlik, artefaktların dəyəri artdıqca, onların paylaşılması problemə çevrilir. Hətta bu səbəbdən qanlı-bıçaq olanlar da var.

"Yeni tanış olduğum insanlarla ova gedəndə ilk verdiyim sual "tapdıqlarımızla nə edirik?" olur. Hesab edirəm ki, əvvəldən hər kəsin münasibətini bilmək vacibdir", deyə Adam Staples bildirib.

Bu xəzindədən olan sikkələr İngiltərədəki muzeylərdə nümayiş olunduqdan sonra daimi olaraq Somerset Muzeyinə köçürüləcək.

Əldə etdikləri nəticənin zəhmətə dəyər olduğunu ifadə edən Adam Staples bildirib: "Çətindir, amma düzgün edilərsə, hər kəs Norman dövrü tortundan bir parça yeyə bilər".

Xəzinədən aldığı payla özünə ev aldığını vurğulayan Staples "Heç bir şikayətim yoxdur. Əla nəticə oldu" deyib.(Qaynarinfo)

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
0.027728080749512