Böyük Britaniya, Avropa İttifaqı və Kanada bir sıra şirkət və fiziki şəxsləri Myanma rəhbərliyi ilə əlaqədə olmaqda ittiham edərək onları sanksiyalar siyahısına salıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
“Birləşmiş Krallıq, Aİ və Kanada Myanma ordusunun logistika və maliyyə vəsaitlərinə çıxışını daha da məhdudlaşdıracaq yeni sanksiyalar tətbiq edib. Böyük Britaniyanın atdığı addımlar Myanma ordusunun insan hüquqlarının kobud şəkildə pozulması olan mülki şəxslərə qarşı hava hücumları həyata keçirmə imkanlarını məhdudlaşdırmağa kömək edəcək”, - bəyanatda vurğulanıb.
Britaniya XİN-dən verilən bilgiyə görə, sanksiyalara məruz qalan şirkətlər Myanma Silahlı Qüvvələrinə aviasiya yanacağı və ehtiyat hissələrinin tədarükü ilə məşğuldur. Söhbət “Asia Sun Group Company”, “Swan Energy Company”, “Myan-Oil Company”, “Rich Ray Trading Company”, “Progress Technology Support Company” və “King Royal Technologies Company” şirkətlərindən gedir. Aİ-nin “qara siyahı”sına isə “Chit Linn Myaing” şirkəti, eləcə də ölkənin hərbi rəhbərliyinin təqaüddə və aktiv fəaliyyətdə olan üç üzvü daxil edilib. Kanada sanksiyaları isə 3 fiziki şəxsə və 4 şirkətə şamil edilir.