• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

SEYSMOLOQDAN ŞOK AÇIQLAMA: "Bakı zəlzələyə hazır deyil, Allahın ümidinə buraxılmışıq" - VİDEO



"Bakı zəlzələyə hazır deyil".

Bu sözləri seysmoloq Ənvər Əliyev “Hamam Times”a danışarkən deyib.

O bildirib ki, zəlzələyə hazırlıqlı olmaq üçün tikilən binaların strukturu sağlam olmalıdır:

“Əgər Bakıda 10 milyonluq Azərbaycan əhalisinin 40 faizi – 4 milyon insan yaşayırsa, burada yenidən nəsə eləmək problemdir. Mənim heç ağlıma da gəlmir ki, o binalar söküləcək, təzədən tikiləcək, bu mümkün olan şey deyil. Biz burada Allahın ümidinə buraxılmışıq”.

Ə. Əliyev deyir ki, şəhər rəhbərliyi, hakimiyyət orqanları belə məsələlərdə diqqətli olmalıdır.

 
Bundan başqa, Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev Qaynarinfo-ya bildirib ki, Bakıda tikilən binalarla bağlı vəziyyət ürəkaçan deyil:
 
"Məsələ burasındadır ki, Bakı daxili miqrasiya hesabına genişlənib. Bu zaman isə tikintilər standartlara uyğun aparılmayıb. Mən hələ "naxalstroylardan” danışmıram. Bu da ciddi problemdir. Bu gün hər kəs yeni binalara diqqət edir. Amma zəlzələ yalnız yeni və yaxud hündürmərtəbəli binalar üçün xarakterik olan təbiət hadisəsi deyil. Zəlzələ baş verəndə birmərtəbəli evlər də dağıla bilər. Yəni, bu məsələlərə ciddi fikir verilməlidir. Qaldı ki, yeni tikilən binalara, açığı, həmin binaları inşa edənlərin əksəriyyəti bu sahəyə nabələd adamlardır. Mən bunun şəxsən şahidi olmuşam. Yaxınlar üçün ev almaq istəyəndə söhbət etmişəm və görmüşəm ki, bu adamların tikintidən anlayışları yoxdur”. 

Ənvər Əliyevin sözlərinə görə, Azərbaycan nəhəng seymsik qurşağın bir hissəsidir. Ona görə də ölkəmiz zəlzələdən sığortlanamayıb. O, həmçinin qeyd edib  ki, 1979-cu ildə seysmoloqların tərtib etdiyi xəritəyə əsasən Bakı 8-9 ballıq seymsik zonada yerləşir:

"Bu baxımdan, Bakıda binalar ən azı 8 ballıq zəlzələyə davamlı olmalıdır. İndi bilmirəm yeni binalar davam gətirə bilər, ya yox. Sovet dövründə tikilən binalar 7-9 ballıq zəlzələyə davamlı idi. Həmin binalar 2000-ci ildə baş verən zəlzələ zamanı sınaqdan çıxdılar. Düzdür, zəlzələ 30 saniyə çəkdi, amma hər halda həmin binalarda çat yarana bilərdi. Yeni binalara gəlincə, bayaq dediyim kimi, ən ciddi problem onların inşasının mütəxəssislər tərəfindən həyata keçirilməməsidir. Şəxsən mənə deyiblər ki, tikinti zamanı ciddi pozuntulara yol verilib. Bu da bina tikən şirkətlərin ixtisaslı olmaması ilə bağlıdır. Başqa səbəblər də var. Məsələn, yaxınlıq, qohumluq prinsipləri ilə iş görmək. Bu, inşaat sektorundan da yan keçməyib”. 

Müsahibimiz deyib ki, bu mövzu barədə danışarkən vahimə yaratmaq deyil, maarifləndirmə işləri aparılmalıdır.
 
"İnsanlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Onlara zəlzələ zamanı nə etmək, harada dayanmaq və s. barədə maarifləndirici bilgilər verilməlidir. Bundan başqa, sığınacaqlar olmalıdır. Bu gün yeni tikilən binaların həyəti çox dardır, daldalanmağa yer belə yoxdur. Ona görə də hesab edirəm ki, Bakının xəritəsi hazırlanmalı, məktəblərdən tutmuş ictimai iaşə obyektlərinə qədər həmin xəritədə qeyd edilməli və bu xəritə əsasında zəlzələ zamanı insanların harada daldalanacağı bildirilməlidir. Yəni, tutaq ki, hansısa anormal yerdə tikilən binanın sakinləri yaxınlıqda məktəb varsa, onun həyətinə, nə bilim çayxana varsa, ora və s. yerləşdirilməlidir. Daha doğrusu, fəlakət zamanı onlara bu barədə bildirilməlidir. Çünki insanlar həmin zaman qorxu və təşviş içində olur, nə edəcəklərini, hara qaçacaqlarını düşünə bilmirlər”, deyə Ənvər Əliyev bildirib.

ƏN ÇOX OXUNANLAR

0.080820083618164