• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Ağrılara dözmürəm, iki dəfə intihara cəhd etmişəm" - Veteran Anar Mehdiyev



Mingəçevir şəhər sakini 38 yaşlı Anar Aslan oğlu Mehdiyev ona əllilik dərəcəsinin təyin edilməməsindən şikayətçidir.

Bu barədə "Meydan TV" məlumat yayıb.

"Kəskin ağrılardan psixotrop dərmanlar atıram. Bəzən gündə iki dəfə həkimə müraciət edirəm ki, ağrıkəsici vursun. Bir ildir ki, dözülməz əziyyət çəkirəm, əllilik düşür, ancaq vermirlər. İstədiyim odur ki, əlilliyin təyin olunsun", - deyə o bildirib.

Anar Mehdiyev deyir ki, əvvəllər Mingəçevir Tibb Kollecində ortopedik stomatologiya ixtisası üzrə müəllim, daha sonra 12 il nümunəvi hərbçi kimi fəaliyyət göstərib.

44 günlük II Qarabağ müharibəsində aldığı ağır xəsarət isə onu sağlamlığından məhrum edib.

Dediyinə görə, yaralı olsa belə, döyüşün son anına qədər ön cəbhədə olub. Aldığı ciddi kəllə-beyin və baş-beyin travması müharibədən sonra onu xəstəxanalarda və aidiyyəti qurumların qapısında süründürür:

"Baş tuşlayıcı operator kimi xidmət etmişəm. Suqoşuvan – Talış istiqamətində döyüşlərdə olmuşam. Üç medalım var. 27-si döyüşə girmişik, 29-da səhər tezdən düşmənin atdığı ağır artilleriya atəşindən yaralanmışam. Həmin gün Mingəçevir xəstəxanasına getmişəm və 12 gündən sonra oradan qaçıb döyüşə gəlmişəm, çünki döyüşü yarımçıq qoymaq istəmirdim. 8 noyabra qədər döyüşdüm.

Gördüm ağrılar artır, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etdim. İki il orada müayinə, müalicə olmuşam. Qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, fəqərələr arası disklərin protuziyası, bədənimin müxtəlif nahiyələrindən kor qəlpə yaraları və dişlərin tökülməsi faktı var. Şikayətim odur ki, ağrılar getdikcə ağırlaşır, özümü itirirəm, bütün əsəblərim pozulub.

İki dəfə ağrılardan bezərək intihar etmişəm. Nə dərmanlar, nə iynələr, nə boş vədlər kömək edir. Maştağada 1 saylı Respublika Psixiatriya Xəstəxanasında beş dəfə yatmışam. Hər dəfə 10 gün müalicə kursu keçmişəm. Mingəçevir Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində və 1 saylı Psixiatriya Xəstəxanasında qeydiyyatdayam, ancaq əllilik təyin olunmur. Deyirlər ki, get müalicə al".

Müharibə veteranı bildirib ki, 5 dəfə ölkənin baş psixiatrı Fuad İsmayılovun qəbulunda olub.

Deyir ki, baş psixiatrın qoyduğu diaqnoz onun əllilik almasına əsas verir. İki dəfə bütün sənədləri toplayıb Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də, hər iki müraciətin baxılmasından imtina edilib.

Həmin imtinalardan birincisinə – 23 oktyabr 2022-ci il tarixindəkinə "əhvalın üzvü mənşəli şəxsiyyət pozuntusu, postravmatik stress pozuntusu, baş ağrıları" diaqnozu qoyularaq:  “Əllilik dərəcəsinə uyğun gəlmir”, – deyə cavab verilib.

Bu ilin aprelin 27-də göndərilən ikinci müraciətə isə "əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu və intihar cəhdləri" diaqnozu qoyularaq əlavə "ixtisaslaşmış müalicə" tövsiyə olunub.

Müharibə veteranı isə deyir ki, məqsədli şəkildə süründürülür:

"Baş psixiatrın xəstəliyimə  qoyduğu  diaqnoz əsas verir ki, əlillik ala bilərəm. Ən son diaqnozu ağırdır. Orada postkommosion sindrom, dissosiativ daxilolmalarla, gecə enurezi ilə F07. 2, Postravmatik stress pozuntusu F43.1 kimi qeydlər var. Son üç diaqnoz belə ağırdır. Hamısı da əllilik meyarlarında var. Yığıb bütün sənədləri yenidən Əlillərin Bərpa Mərkəzinə getmişəm. Yenidən mənim forma 88 müraciətimə nazirlikdən imtina gəlib. Axı niyə düşdüyü halda imtina verilir. Niyə müharibə iştirakçısını süründürürlər? Əlim iş tutmur, ağrılarım azalmır, dərmanlar təsir göstərmir".

Müharibə veteranı həm də səhhətindən dolayı işsizdir. Məişət avadanlıqları ustası olsa da, çalışa bilmədiyini, üç övladı və ailəsinin borc içində yaşadığını deyir.

Müharibədən sonra Dövlət Məşğulluq Agentinin özünüməşğulluq proqramına yazılsa da, ordan da kömək ala bilməyib. Ona qurumdan ən tez halda gələn il üçün növbə çatacağını deyiblər.

Hazırda iki məktəbli oğul övladı işsiz ataya dəstək olaraq fəhləlik edir.

Deyir ki, 8 yaşlı Zəhra adlı qızının isə yalnış müayinə və müalicəsi dərdinin üstünə dərd gətirib:

"Üç övladım var. Böyük oğlum orta məktəbi bitirdi, o biri 10-cu sinifdə oxuyur. Neçə dəfə işə getmişəm, amma işləyə bilməmişəm. Ağrılardan əsəblərim pozulub deyə müştərilərlə dalaşıram, özümə və ətrafdakılara xəsarət yetirirəm. Səhhətim imkan vermir. 2022-ci ilin sentyabrdan özünüməşğulluq proqramına yazılmışam. 72 balım vardı hələ. Şikayət etdim ki, təmin edin, ondan sonra balım 108 bala qalxıb.

Deyirlər ki, 2024-cü ildə alarsan. Deyirəm ki, 80 manat veteran pulu ilə necə dolanım? Nə əlillik verirlər, nə də özünüməşğulluq proqramına  cəlb edirlər. Doqquz aydan sonra gələcəklər ki, böyük oğlunu ver əsgər aparaq. Mənə nə etmisən ki, oğlumu  aparmaq hüququn olsun".

"İki oğlum qürurlarına sığışdırmayıb bazarda, əkin sahələrində işləyir. Evə çörək pulu gətirirlər. Həyat yoldaşım da tibb bacısıdır. Aldığı maaş banka borca gedir. Qızım da xəstədir. İsmayılov Məhəmməd adlı həkim  qolunda problem yaratmışdı. Sağ said sümüklərinin ikili yerdəyişmiş sınığına səhv müalicə və diaqnoz qoyub. O da sağalmır, indi qalmışıq xəstəxanalarda. Borcun içində itib batıram. Müalicəsinə ehtiyac var. Nazirlik isə məni qəbul edib deyir ki, müalicə alıb sağala bilərsən. Aldığım müalicə və xəstəxananın verdiyi dərmanların da effekti yoxdur", – Anar Mehdiyev bildirir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdüri Sahib Əliyev deyib ki, Anar Mehdiyevin ailə vəziyyəti və problemlərindən xəbardar olsalar da, hazırda heç bir kömək etmək imkanları yoxdur:

"Əlillik dərəcəsinin təyinatına və özünüməşğulluq proqramına cəlbə səlahiyyətimiz çatmır. Ümumilikdə isə Mingəçevirdə 3 mindən çox veteran var ki, onlardan ancaq 1000 nəfəri veteranlıq təqaüdü alır. 61 qaziyə isə əlilik dərəcəsi təyin edilib. Ancaq ala bilməyib əziyyətini çəkən müharibə iştirakçıları da çoxdur".

"Müharibə iştirakçısı özünüməşğulluq proqramına yazılıb. Yevlaxda qeydiyyatdadır deyə oradan keçib. Hətta biz aidiyyəti qurumlara müraciət edərək bunun tezləşdirilməsini xahiş etdik. Dedilər ki, növbəsini gözləməlidir. Adı sistemdə var. Başqa bir köməklik edə bilmirik. İndiki dövrdə dövlət səviyyəsində onlara  yardım ayrılmır. Sadəcə veteranlıq alırlar, imkan olanda da ərzaq yardımı.

Əlillik dərəcəsi də bizim səlahiyyətimiz deyil. Ancaq onu hətta həkim yanına göndərdik, həkimi də xəstəliyinin diaqnozunu qoyur, ancaq Tibbi Sosial Ekspert Komissiyasında qəbul olunmur. Müdafiə Nazirliyinin verdiyi kağızı həmin qurum  qəbul etmir. Deyirlər ki, müalicə olunduğu xəstəxanalarda mütəmadi yatmalıdır, müəyyən dövr tamam olmalıdır ki, sonra sənədləri yığıb göndərsin. Onun kimi Mingəçevirdə bir çox qazi var ki, kömək edə bilmirik, əllilik dərəcələrini ala bilmirlər".

Dövlət Tibbi – Sosial Ekspertiza Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov isə Meydan Tv-yə bildirib ki, müharibə iştirakçısının əliliyin təyin edilməsi üçün etdiyi müraciətə qurumun imtina cavabı verməsi tibbi sənədlərdə qeyd olunan diaqnozlar arasında uyğunsuzluğa və müalicə müddətinin yetərsizliyinə görə olub:

"Mingəçevir sakini Anar Aslan oğlu Mehdiyev əlilliyinin qiymətləndirilməsi məqsədilə 12.05.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib  və müayinəsi aparılıb. Əyani müayinə zamanı müəyyən edilib ki, vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində aldığı müalicə müddəti yetərli deyil. Həmçinin Anar Mehdiyevin təqdim etdiyi tibbi sənədlərdə qeyd olunan diaqnozlar arasında uyğunsuzluq aşkar edilib. Nəticədə şəxsin müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib".

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı vətəndaşın özünəməşğulluq proqramında növbədə olduğunu deyib.

O, bildirib ki, yaxın zamanda yaşayış durumuna və şəraitinə baxış keçiriləcək:

"Mehdiyev Anar Aslan oğlunun müraciəti araşdırılıb. Vətəndaş 2022-ci ildə broyler inkubatoru zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib və onun qeydiyyatı aparılıb. Özünüməşğulluq proqramının hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Vətəndaşların müraciətləri özünüməşğulluq üzrə reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır. Anar Mehdiyevin də müharibə veteranı olduğu nəzərə alınaraq ona əlavə bal da verilməklə skorinq balı müəyyənləşib və vətəndaş hazırda növbədədir. Yaxın zamanda onun şəraitinə baxış keçiriləcək və uyğun olduğu halda proqram üzrə digər mərhələlərə cəlb ediləcək".

ƏN ÇOX OXUNANLAR

0.084648847579956