• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sığorta ilə yoxlanışdan keçmək istəyən hamilə xanımdan xəstəxanada pul tələb ediblər?  



Şəki rayon sakini hamilə qadının xəstəxanada haqsızlıqla üzləşdiyini iddia edir.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Sərfinaz Aslanlı Şəki Rayon Mərkəzi Xəstəxanasında xəstələri pulsuz müayinədən keçirmədiklərini qeyd edib:

“Hamilə qadını sığorta ilə yoxlanışdan keçirmək üçün Şəki Mərkəzi Xəstəxanasına getdik. Qayda pozuntusu ilə üz-üzə qaldıq. Hamilə xanımın ümumi həkimi onu hər ay yoxlayır. Analizləri verdik. Daha sonra ümumi həkim xanımı ultrasəs müayinəsindən (USM) keçməyə yönləndirdi. Analizlərdən sonra USM otağına yaxınlaşdıq. Lakin bizi qəbul etmədilər. USM həkimi Nəzakət Paşayeva məzuniyyətdə olduğu halda işdə idi. Bununla yanaşı, xəstələri müayinədən pul müqabilində keçirirdi. Bizə də dedi ki, “USM sığorta ilə deyil, pul ilədir. Pul verirsənsə, qəbul edirəm, vermirsənsə, yoxlamıram”. Sığorta olan xəstəxanada pul ilə yoxlanış edirlər”.

S.Aslanlı qeyd edib ki, hamilə xanımın ümumi həkimi digər xəstəxananın USM sənədini qəbul etməyəcəyini bildirib:

“Ümumi həkim məcburən Nəzakət Paşayevaya pul verib USM-dən keçməyi tələb edir. Keçmək istəmədiyimizi gördükdə bildirdi ki, “o zaman ərizə yazın ki, həkim məni USM-ə göndərdiyi halda qəbul etmədim”.

Xanım narahat idi. Bu səbəbdən başqa xəstəxanaya gedə bilmədik. Neçə xəstə var ki, sığorta adı ilə onlardan pul tələb edirlər. Xanım hər ay USM problemi ilə rastlaşır. USM-dən keçmir. Bakıda yoxlanılır. Həkim də deyir, mən qəbul etmirəm”.

“Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin baş həkimi Arzu İlyaslı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, xəstəxanada bütün xidmətlər ödənişsizdir:

“Bizdə bütün tibbi xidmətlər pulsuzdur. Yəni sığortalıdır. USM xidməti də ödənişsizdir. Ancaq xüsusi xidmətlər, məsələn, estetik əməliyyat, stomatoloji xidmət və onkoloji əməliyyatlar sığortaya daxil deyil. Qalan bütün xidmətlər sığortalıdır.

Qeyd olunan hadisəyə gəldikdə isə, tədbir görmək üçün yazılı şikayət olmalıdır. Yəni həkim ilə bağlı yazılı formada vətəndaş müraciəti daxil olmalıdır. Həkim barəsində vətəndaş müraciəti daxil olanda hüquqşünasa yönəldilir. Ciddi tədbir görülür”.

 

ƏN ÇOX OXUNANLAR

0.26404094696045