Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyası Rusiya, İran və Azərbaycana qarşı casusluq edir.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, ən yüksək səviyyədə üçtərəfli sazişlər fəal həyata keçirildikdə, Rusiya-Azərbaycan-Ermənistan formatında müntəzəm təmaslar aparıldıqda Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müsbət dinamika müşahidə olunurdu. Daha sonra isə qərblilər sadəcə olaraq gündəmə müdaxilə etmək üçün regionun işlərinə qarışmağa başladılar.
“Qərb rejimləri İrəvanı iki ölkənin sərhədində mübahisəli ərazi məsələlərində birtərəfli qərarlar qəbul etməyə məcbur edir, həmçinin Bakı ilə təmaslarda və Moskva ilə münasibətlərdə müsbət tendensiyaları məhv etmək üçün Ermənistanı qızışdırır”, - deyə XİN rəsmisi vurğulayıb.
Zaxarova bəyan edib ki, Aİ missiyası Ermənistan ərazisindən Rusiya, İran və Azərbaycana qarşı casusluq edir və bunun faktiki əsasları var.
O, bunun regionda geri dönməz nəticələrə səbəb ola biləcəyini istisna etməyib.