• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukraynada müharibə cinayətlərini ifşa edən azərbaycanlı



Rusiyanın Ukraynada apardığı müharibənin qlobal fəsadları davam edir. Əsasən, humanitar sahəni əhatə edən fəsadlar, müharibə cinayətləri günü-gündən artır. Bütün bunlar həmin cinayətlərin fakta və sübuta çevrilməsini zəruriləşdirir. Bu missiyada əslən azərbaycanlı olan Ceyn Əliyeva da fəallığı ilə seçilir.

Əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukraynada doğulub, boya-başa çatan Ceyn Əliyeva hazırda müxtəlif Qərb ölkələrinin mütəxəssisləri ilə çalışan “PayBack4Ukraine” beynəlxalq hüquq təşkilatının rəhbəridir. Bu fəaliyyətdə onun tərəfdaşları məşhur britaniyalı fotoqraf Cayls Dyuli, Britaniya Kral ordusunun keçmiş polkovniki, tanınmış hərbi ekspert Tim Spayser, ingilis rəssam doktor Paulina Amos və digər məşhurlardır. Onların artıq bu istiqamətdə nailiyyətləri də var. Azərbaycanlı gəncin komandası ilə birgə, həmçinin, “Mama Jane” humanitar yardımlarla məşğul olan fondu da fəaliyyət göstərir.

Ceyn Əliyeva “Report”un Şərqi Avropa bürosuna bildirib ki, onun beynəlxalq tərəfdaşları getdikcə çoxalır:

“Mən azərbaycanəsilli ukraynalıyam. İngiltərədə və ABŞ-də təhsil almışam. Ailəm hər zaman Ukraynada yaşayıb. Əslən Qarabağdan olduğumuza görə hazırda Ukraynada baş verən hadisələr mənə yad deyil. Arzum bu olub ki, 50 yaşından sonra xeyriyyə fəaliyyəti ilə məşğul olum, amma ölkədə müharibənin başlaması planlarımızı alt-üst etdi. Xeyriyyə fondu açmalı oldum. Bundan başqa, rəhbərlik etdiyim beynəlxalq hüquq şirkəti 1 000-dən çox hüquqşünası özündə birləşdirir. Məqsədimiz müharibənin səbəbkarı olan Rusiyanın və müxtəlif şəxslərin aktivlərini dondurmaq və reparasiya formasında Ukraynaya verilməsini təmin etməkdir. Rusiyanın ukraynalılara vurduğu zərər və gətirdiyi ağrı-acı kompensasiya edilməlidir.

Təmsil etdiyim şirkət “PayBack4Ukraine” adlanır. Adımız bizim işğalçılara qarşı münasibətimizdən xəbər verir. Əməkdaşlarımızın hamısı hüquq sahəsini təmsil edən əcnəbilər və xarici şirkətlərdir. Komandamızın üzvləri təmənnasız fəaliyyət göstərirlər. Şirkətin siması reparasiyaların verilməsi üzrə çoxsaylı məhkəmə işlərində qalib gəlmiş tanınmış vəkil Ceyson Makyudur. Biz ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropa ölkələri ilə işləyirik. 2022-ci ilin noyabrında London məhkəməsində “Vaqner” hərbi şirkəti və onun rəhbəri Yevgeni Priqojinə qarşı ilk işimiz baş tutdu. Hazırda Ukraynadan uşaqların qanunsuz çıxarılması, dronlar, ekosid, mülki vətəndaşlara qarşı seksual zorakılıq və hərbçilərə qarşı işgəncə halları kimi işləri öyrənirik. Sonuncu məsələ ilə bağlı çox dəhşətli statistika var və buna görə də çalışırıq ki, bunu törədənlər cəzalarına çatsınlar. Bizi bütün dünyadan tanınmış şəxslər dəstəkləyirlər. Bunlara misal olaraq tanınmış dokumentalist-fotoqraf Cayls Dyulini və britaniyalı polkovnik Tim Spayseri göstərmək olar”.

C.Əliyeva bildirib ki, rəhbərlik etdiyi “Mama Jane Charity Foundation” xeyriyyə fondu Rusiya işğalçılarından əziyyət çəkmiş ukraynalı analara və uşaqlara yardım üzrə ixtisaslaşıb:

“Hazırda üzərində işlədiyimiz daha bir layihə işğaldan əziyyət çəkmiş və ya deportasiya olunmuş uşaqlara Avropa ölkələrində psixoloji yardım göstərilməsini nəzərdə tutur. Gələn ay artıq ilk qrupu yola salacağıq. Bu baxımdan bir sıra böyük şirkətlər bizi dəstəkləyir. Fond daha çox humanitar problemlərlə məşğul olur. Buraya, əsasən, ərzaq və ilkin zərurət məhsullarının təminatı daxildir”, - deyə o əlavə edib.

C. Əliyeva Azərbaycan ilə bağlılığını da şərh edib:

“Biz əslən Qarabağdanıq. Atam Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailəm artıq ikinci müharibədən keçir. Atam yanvarın 20-si anadan olub, buna görə də heç vaxt ad gününü qeyd etmir. Həmin vaxt Azərbaycan, bəlkə də, indi Ukraynanın yaşadığı hadisələrdən daha çox çətinliklərlə üzləşib. Ukrayna hadisələrilə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr arasında oxşarlıqlar çoxdur. Məsələn, hər iki halda KİV yayımları dayandırılmışdı, Xocalı faciəsi Buça və Mariupol hadisələrindən də dəhşətlidir, amma təəssüf ki, bu barədə çox az adam bilir. Ukraynada bu məlumatlar paylaşılmalıdır ki, insanlar eyni səhvləri təkrarlamasınlar.

Rusiya eyni cür hərəkət edir, sadəcə, biz indi bununla üzləşmişik deyə yalnız indi məsələnin fərqinə varırıq. Atam ömrünü Qarabağdan olan məcburi köçkünlərə yardım etməyə həsr edib. Atam həmin insanları evimizə gətirirdi, onlara yardım edirdi. İndi bütün bunları təhlil edəndə başa düşürəm ki, bu xüsusiyyət mənə qanla keçib. Baxmayaraq ki, altı ildir Ukraynada yaşamıram, amma bura məni yenə də özünə çəkir və müharibə dövründə artıq üçüncü dəfədir ki, Ukraynaya gəlirəm. Artıq 1990-cı illərin əvvəllərində baş verən hadisələr barədə məlumat verə bilirəm. Ukraynada yaşayan azərbaycanlılar var ki, onlar da bu barədə danışırlar. Biz tarixdən dərs çıxarmalıyıq. Ukrayna özgələrinin səhvlərindən öyrənməlidir. Təəssüf ki, artıq bir çox səhvlər edilib və indi biz torpaqlarımızı geri qaytarmalı, insanlarımızı qətlə yetirən və zorakılığa məruz qoyan şəxsləri cəzalandırmalıyıq. Ümid edirəm ki, sonda ədalət zəfər çalacaq”, - deyə azərbaycanlı gənc bildirib.

ƏN ÇOX OXUNANLAR

0.084151029586792