• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Siqareti necə tərgitmək olar? - Həkim, psixoloq və deputat yollarını AÇIQLADI



Bu gün zərərli vərdişlərin sırasında siqaret asılılığı ön yerdə durur. Siqaret çəkənlər arasında kişilərin sayı çoxluq təşkil etsə də, artıq siqaret çəkən qadınların sayında da artım müşahidə olunur.

2017-ci ilin dekabrın 1-dən qüvvəyə minən tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunun 13-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və onların tütündən istifadə etməsi qadağan olunub. Lakin buna baxmayaraq, bu gün siqaret çəkən yeniyetmələrə də rast gəlinir. 

Bu vərdişdən necə qurtulmaq olar?

Tibbi ekspert Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, siqaret istifadəsi insan orqanizmi üçün həddindən artıq ziyanlıdır.

Onun sözlərinə görə, insan orqanizminin elə bir orqanı yoxdur ki, siqaret mənfi təsir göstərməsin:

"Tütün insan ömrünü azaldır, müxtəlif pis xəstəliklərin insanın həyatına son qoymasına şərait yaradır. Təəssüf ki, bu cür ziyanlar siqaret çəkənlərin sayını azaltmır. Cavan yaşlarda siqaret çəkəndə orqanizmin müqaviməti yüksək olduğuna görə ciddi təsirə malik olmur. Yaşlı dövrdə çəkilən siqaret isə daha tez təsirə malikdir. Nikotin zəhəri həmin insanların bədəninə daha güclü təsir edir. Nəticədə yaşla əlaqədar daralmış damarlar və hüceyrələr daha da öldürücü hala düşür. Siqaret arteriyaların tutulmasına, ürək xəstəliklərinə, ürək döyüntüsünün dəfələrlə artmasına səbəb olur. Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə də gətirib çıxarır. Siqaret çəkən insanlarda pnevmoniya, xroniki bronxit və emfizemaya tez-tez rast gəlinir".

Bu vərdiş məhz psixoloji problemdir

Həkim hesab edir ki, son dövrlər insanların psixoloji gərginliyi çoxdur. Ona görə də əksər insanlar bu gərginliyi azaltmaq üçün siqaret çəkirlər:

"Hətta siqareti tərgidən şəxslərin də yenidən bu vərdişə qayıtması müşahidə olunur. Hesab olunur ki, siqaret sakitləşdirici təsirə malikdir. Əslində, insan siqaret çəkmədən də sakitləşə bilər. Bundan başqa, televiziyalarda siqaret çəkilmə anlarının yayımlanması, eləcə də ailə tərbiyəsində uşaqlarla rəftar çox önəmlidir. Oğlan uşaqları elə düşünürlər ki, tək qaldıqda siqaret çəkmək onları yaxşı edəcək, onlara “kişi” deyəcəklər. Halbuki siqaret uşaqların sağlamlığını məhv edir. Siqaret çəkilməsi estetik, tərbiyə, sağlamlıq və mənəvi nöqteyi-nəzərdən heç də müsbət təsirə malik deyil". 

Psixoloq İlahə Dadaşova isə İqtisadiyyat.az-a açıqlamasında bu zərərli vərdişin psixoloji təsirlərinə toxunub. O deyib ki, siqaretdən istifadə edən şəxslərdə psixoloji asılılıq özünü daha qabarıq formada göstərir: "Çünki siqaret çəkən insanların əksəriyyəti nə üçün bu vərdişi davam etdirdiyini bilmir. Son zamanlar təkcə siqaret deyil, bütövlükdə digər zərərli vərdişlərə də maraq artıb. Siqaret çəkməyənlər arasında belə bir deyim var ki, siqaret insanın gərginliyini aradan götürür, stressi azaldır. İnsan adətən gərgin, narahat, əsəbi, qorxu anında siqaretə əl atır. Halbuki siqaret çəkən yeniyetmələr, qadın və kişilər bilməlidir ki, bu vərdiş məhz psixoloji problemdir".

Əlində siqaret tutub ziyanlarından danışanlar var

Siqaret tərgitməyin üsullarına gəlincə, psixoloq hər bir halda bu vərdişdən qurtulmağın mümkün olduğunu söyləyib: "Siqaret vərdişi adətən yeniyetmə zamanında başlayır. Buna isə təzyiqlər və sosial dostlar səbəb ola bilər. Siqaret tərgitməyin bir çox metodları mövcuddur. Bunun üçün ilk olaraq psixoloji asılılığı aradan götürmək lazımdır. Bundan başqa, tum, konfet və ya saqqız vasitəsilə siqareti tərgitmək mümkündür". 

Milli Məclisin deputatı Zahid Oruc isə İqtisadiyyat.az-a açıqlamasında vurğulayıb ki, siqaretlə mübarizədə daha peşəkar şəxslərin aktivliyi arzuolunandır:

"Acığı, özüm heç vaxt siqaret çəkməmişəm. Bütün hallarda bu gün siqaretin zərərləri ilə bağlı maarrifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin həkimlər və bu sahədə rəy sahibi olan şəxslər tərəfindən həyata keçirilməsi daha məqsədəuyğun olar. Siqaretlə mübarizədə sağlam həyat tərzi üzərində qurulan, xüsusilə də sanatoriya, kurort, müalicə sistemləri üzrə fəaliyyət göstərən qüvvələrin rolu əhəmiyyətli ola bilər. Çünki həmin qüvvələr müəyyən qədər söz sahibidirlər və təsir imkanları effektiv nəticə verə bilər. Əks halda kiminsə əlində siqaret tutaraq, onun ziyanlı olmasından danışması gözlənilən effekti verməyəcək".

 

 

ƏN ÇOX OXUNANLAR

0.11152815818787