• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nəcməddin Sadıqov ortaya çıxarılmalı və cəzasını almalıdır - İTTİHAM



“Hüquq-mühafizə orqanları məhkəmədə səsləndirilən ifadələrə kifayət qədər həssas yanaşmalıdırlar. Müdafiə Nazirliyinin ərzaq təchizati ilə məşğul olan şirkətlər, nazirliyn maddi-texniki təminat üzrə müavini, ərzaq xidmətinin rəisi və təbii ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov mütləq dindirilməlidir”.

Bunu “AzPolitika.info”-ya hərbi ekspert Ədalət Verdiyev dünən keçirilən məhkəmə prosesində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, M.Qurbanov ordu üçün ərzaq malları alan şirkətlərin hamısının Nəcməddin Sadıkova məxsus olduğunu bildirib: “Onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdılaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı ilə dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib. Ərzaqdan başqa, abadlıq işləri bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdılaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

Vəkilin “rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz” sualına cavab verən polkovnik bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib: “Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm”.

Ədalət Verdiyev deyir ki, 2015-2019-cu illərdə sözügedən korrupsiya faktları baş verəndə orduya nəzarət edən hərbi prokurorluq orqanlarının nə işlə məşğul olduğu da kifayət qədər ciddi suallar doğurur: “Zaman-zaman sosial şəbəkələrdə, KİV-də yayılan məlumatlar onu deməyə əsas verir ki, 2015-i ildən sonrakı dövrdə Müdafiə Nazirliyində kifayət qədər böyük miqyasda mənimsəmələr baş verib, korrupsiya və rüşvət faktları olub. İctimaiyyət də bu faktların dərhal araşdırılmasını, vəzifəsindən asılı olmyaraq cinayətə yol vermiş vəzifəli şəxslərin, rəislərin hər birinin layiqli cəzasına çatmasını gözləyir”.

Ekspert sual edir: “Necə ola bilər ki, hər tərəfi kameralarla təchiz olunmuş Müdafiə Nazirliyində məmurların kabinetlərinə nağd pullar daşınsın, bu pullar Baş Qərargah rəisi tərəfindən nazir müavinləri və digər vəzifəli şəxslər arasında bölüşdürülsün, amma bundan kimsənin xəbəri olmasın? Yaxud, 4-5 il sonra bu cinayətlərin üstü açılsın. Odur ki, bu məsələlər dərindən araşdırılmalıdır, belə halların gələcəkdə təkrarlanmaması üçün bütün günahkarlar cəzalandırılmalı və ictimaiyyət də bu məsələlər haqda daim məlumatlandırılmalıdır”.

Ə.Verdiyev vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinə Ali Baş Komandan tərəfindən ayrılan 1 manata uzanan əlin sahibi mütləq cəzalanmalıdır: “Anlamaq olmur ki, indiyə qədər Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsi və idarələrdə yoxlamalar aparan daxili yoxlama komissiyaları nəyə görə bu qədər yeyinti faktlarını görməyiblər. Bir polkovnik Nəcməddin Sadıkovun əli ilə 20 milyon, maliyyə idarəsinin rəisi kiminsə əli ilə 80 milyon mənimsəyir. Düşünmürəm ki, belə aşağı vəzifəli şəxslər bu cinayətlərin əsas günahkarlarıdır. Bunlar çox kiçik balıqlardır, iri akulalar hələ də azadlıqda gəzir. O cümlədən, Nəcməddin Sadıkov, onu himayə edən biriləri mütləq ortaya çıxarılmalı və onların hamısı layiq olduğu cəzanı almalıdırlar”.

Rasim Əliyev

“Azpolitika.info”

ƏN ÇOX OXUNANLAR

0.085563898086548