• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vahid Əhmədov icra başçısı Adil Vəliyevi istefaya çağırdı



Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev jurnalist Əvəz Zeynallının məhkəməsində ifadə verib.

Məcburi qaydada məhkəməyə gətirilən icra başçısı vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur:

“İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər”.

Vəkilin “Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...”.

Adil Vəliyev deyib ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: “Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar”.

250 min nəfər əhalisi olan paytaxt rayonunun rəhbəri tərəfindən “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” ifadəsi sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. “Yaşadığı ölkədən təminatı olmayan icra başçısı bir rayona necə rəhbərlik edə bilər” və digər ritorik suallar sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında bildirib ki, dövlət məmurunun belə bir açıqlama verməsi sadəcə biabırçılıqdır: “Azərbaycanda nöqsanlar mövcuddur. Bunu dövlətin başçısı da bəyan edir, deputatlar da, ictimaiyyət nümayəndələri də. Əgər Adil Vəliyev hesab edirsə ki, nöqsanlar var, o zaman onu dilə gətirməlidir. Yaxud bəyan etməlidir ki, ona qarşı müəyyən təzyiqlər var. Daha “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” kimi ifadələr işlətmək məmur ərkanına sığmır”.

“Cəmiyyətdə bu cür məmurları “kiçik padşahlar” adlandırırlar. Onlar özlərini elə aparırlar ki, sanki hər şey onlara məxsusdur. Əgər Adil Vəliyev və onun kimiləri ölkəni bəyənmirlərsə, istefa verib getsinlər. Daha bu cür mənasız və məzmunsuz açıqlamalar verməyə gərək yoxdur”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, A.Vəliyev və digər icra başçılarının timsalında baş verənlər yerli idarəetmə orqanları ilə bağlı qərara yenidən baxılmasını qaçılmaz edir: “Cənab Prezident İlham Əliyev bildirmişdi ki, icra hakimiyyətləri sovetdən qalma sistemdir və zamanla ləğv olunacaqlar. Bu gün Azərbaycanda 14 iqtisadi rayon mövcuddur. Onlardan bəzilərinə Prezidentin səlahiyyətli nümayəndələri təyin olunub. Kifayət qədər də normal fəaliyyət göstərirlər. İcra hakimiyyətləri isə həm sistem, həm də davranış etibarilə sovetlər dövrünü xatırladır”.

“Hətta SSRİ dövründə belə, rayon rəhbərləri bu cür təxribatçı fikirlər səsləndirə biməzdilər. Bu, milyonlarla ölkə vətəndaşını təhqir etməkdir. Hesab edirəm ki, bu mövzuya məntiqi yekun vurulmalıdır. İcra hakimiyyətləri ləğv edilməli, iqtisadi rayonlar üzrə nümayəndəlik institutu yaradılmalı, onların tərkibində idarəetmə strukturları formalaşdırılmalıdır”, - deyə Əhmədov vurğulayıb.

Adil Vəliyevin məhkəmə ifadəsini şərh edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas İradə Cavadovanın sözlərinə görə, Sabunçunun icra başçısı “səmimi etiraflar” edib: “Azərbaycanda yazılmamış qanunlar var və bunu hər kəs bilir. Yəni, inşaata necə və haradan icazə alırlar, bunun üçün nə qədər qeyri-rəsmi rüsum ödənilir, hansı aiddiyəti orqanlara nə qədər vəsait ödənilməlidir və s. Bunları ölkədə bilməyən yoxdur. Dəfələrlə də bu mövzu gündəmə gəlib - həm ictimaiyyət nümayəndələri, həm də mətbuat orqanları və siyasətçilər tərəfindən”.

“Əslində Adil Vəliyevin bu ifadəsi ölkəmiz üçün bir yenlikdir. Çünki bunu söyləyən adam sıradan adam deyil. Dövlət məmurudur və bir rayona rəhbərlik edir. Onun dediyindən belə çıxır ki, Azərbaycanda qaranlıq qərarlar qəbul edilir və dolayısı ilə bu da onu edir. Jurnalistin xahişi ilə tikintiyə icazə verilməsi də yenilikdir. Bu da maraqlı məqamdır. Adətən belə mövzularda jurnalistləri eşitmirlər. Daha ciddi yerlərdən xahişlər olunur”, - deyə müsahibimiz qeyd edib.

Cavadova əlavə edib ki, normal ölkələrdə bu cür fikirlər səsləndirən məmurlar istefa verirlər: “Bu isə həm vəzifəsini qoruyur, həm də təmsil olunduğu sistemi və özünü ifşa edir. Azərbaycan məmurları arasında istefa mədəniyyəti olmasa da, hesab edirəm ki, bu ifadədən sonra Adil Vəliyevi yola salacaqlar. Çünki bundan sonra onun icra başçısı kimi fəaliyyəti absurddur. Bu, o demək olacaq ki, onun söylədikləri həqiqətdir və bunu hökumət də qəbul edir. Əslində bir daha söyləmək istəyirəm ki, ölkə reallıqları elə Adil Vəliyevin söylədiyi kimidir. Ancaq bunu məmur səsləndirirsə, ya bu sistemə etiraz edib istefa verməli, ya da belə fikirlər səsləndirməməlidir”. 

ƏN ÇOX OXUNANLAR

0.077821016311646